TÖVBƏ ETMƏK

ALLAH SONSUZ LÜTF SAHİBİDİR, TÖVBƏLƏRİ QƏBUL EDƏNDİR

İnsan qəflətə düşən, unudan, xəta edə bilən varlıqdır. Hər an bir çox mövzuda əksik düşünə bilər, yanlış qərar verə bilər, xətalı hərəkət edə bilər. Buna görə də Allahʹın sonsuz şəfqəti və mərhəməti insanlar üçün böyük lütf, çox böyük nemətdir. Allah sonsuz rəhməti ilə insanlara hər zaman xətalarına görə bağışlanma diləmək və tövbə etmək imkanı vermişdir. Səmimi olaraq günahlarının bağışlanmasını istəyən hər insan Allahʹın onu bağışlamasını uma bilər. Rəbbimiz “Hicr” surəsində “Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm” (Hicr surəsi, 49) buyurur. “Nisa” surəsində isə Allahʹın bağışlayıcı olduğu belə bildirilir:

Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahʹdan bağışlanma diləyərsə, Allahʹın Bağışlayan, Rəhmli olduğunu görər. (Nisa surəsi, 110)

Bütün ömrü boyu xətasız, günahsız, əksiksiz və qüsursuz olduğunu zənn etmək Qurana uyğun olmayan hərəkətdir. Çünki insan xəta etməyə və günah etməyə meyilli, aciz varlıqdır. Buna qarşılıq Allah bağışlayan və tövbələri qəbul edən olduğunu bildirmişdir. Buna görə də insanın bilərək və ya bilməyərək, qəflətə qapılaraq, nəfsinə uyaraq etdiyi xətalara görə ümidsizliyə düşməsi Quran əxlaqına uyğun olmayan hərəkətdir. Xəta edən möminin öhdəsinə düşən xətasından ibrət almaq, peşiman olub doğruya üz tutmaq, vaxtı ötürmədən Allahʹa sığınmaq və bir daha o xətanı təkrarlamamaq üçün səy göstərməkdir. Əlbəttə mömin xəta etməməyə, günah etməməyə, Allahʹın sərhədlərini qorumağa nəzarət edər, ancaq buna baxmayaraq xətaları, günahları ola bilər. Xətalarından sonra tövbə edib Allahʹdan bağışlanma diləmək isə çox gözəl mömin xüsusiyyətidir. Allahʹın tövbələri qəbul edən (Təvvab), Bağışlayan (Ğafur), Mərhəmət edən (Rəhman) isimləri xətalarından peşiman olan və tövbə edib Allahʹa üz tutan möminlərdə təcəlli edər. “Ənam” surəsində belə buyrulur:

Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə (onlara) de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib (əməllərini) islah etsə, (Allah onu bağışlayar). Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”. (Ənam surəsi, 54)



Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahʹdan bağışlanma diləyərsə, Allahʹın Bağışlayan, Rəhmli olduğunu görər.
(Nisa surəsi, 110)

İnsanları din əxlaqından uzaqlaşdıran səbəblərdən biri də, etdikləri günahların verdiyi təqsirkarlıq duyğusuna görə özlərini “əsla düzəlməyən, doğru yola gəlməyən” kimsələr olaraq görməyə başlamalarıdır. Allahʹın Rəhman və Rəhim ismini, tövbələri qəbul edən, sonsuz ehsan sahibi olduğunu unudan bu insanları şeytan daima yönləndirir və günah edən insana “sən onsuzda günahkarsan, artıq düzəlməyin mümkün deyil, bunu belə qəbul et” təlqini verir. Daha sonra da insanı “necə olsa bir dəfə günah etdin, yenidən etməyinin heç bir itkisi olmaz” kimi yalanlarla çox böyük bataqlığın içinə çəkir. İnsanın günahı ikidirsə, bunu dərhal dördə, səkkizə, on altıya qaldırmağa çalışır. İnsanın günahına görə Allahʹa qarşı hiss etdiyi xəcalət duyğusundan istifadə edir və bunu o insanı Allahʹdan tamamilə uzaqlaşdırmaq üçün sui-istifadə edir. Lakin şeytanın hər hiyləsi kimi bu hiyləsi də zəifdir. Çünki insanın günah etməsi, o insanın artıq doğru yolu tapmayacağı mənasına gəlmir. Bir günah deyil, ən böyük günahları dəfələrlə etmiş olsa da, nəticədə hər zaman üçün bütün bunlardan peşiman olub Allahʹa üz tutmaq imkanı var. Allah günahlarına görə səmimi olaraq tövbə edən, yəni bağışlanma diləyib artıq o günahı etməməyə cəhd edən hər kəsi bağışlayacağını Quranda xəbər vermişdir:

Hər kim haqsızlıq etdikdən sonra tövbə edib (əməllərini) islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Maidə surəsi, 39)

İman gətirib yaxşı işlər görənləri (günahlardan) bağışlanma və tükənməz (minnətsiz) ruzi gözləyir! (Həcc surəsi, 50)

Həqiqətən, öz Rəbbindən (Onu) görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. (Mülk surəsi, 12)

Sonsuz rəhmət sahibi olan Rəbbimiz tövbə imkanının hər insana verildiyini bizlərə bildirmişdir. Məsələn, Allah Ona iman etdikdən sonra azaraq, qızıldan bir büt düzəldib ona ibadət edən yəhudilərin tövbəsini qəbul etmiş və onları bağışlamışdır:

O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir. (Bəqərə surəsi, 54)

Allah ayələrdə qəflətə qapılıb xəta edən və arxasınca da səmimi olaraq tövbə edib bağışlanma diləyən insanın bağışlanacağını bildirir. Möminlərin etdikləri günahın böyüküyündən asılı olmayaraq səmimi olaraq peşimançılıq hiss etdikləri təqdirdə, Allahʹın rəhmətindən ümidlərini kəsməmələrinin lazım olduğu ayələrdə belə müjdələnir:

De: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl (Sözə) tabe olun! (Zumər surəsi, 53-55)

Allahʹın bağışlayan ismi Rəbbimizin insanlara təqdim etdiyi ən böyük nemətlərdən və asandlıqlardan biridir. Allahʹın şəfqətini, mərhəmətini, bağışlayıcılığını qulaqardına vuran insan öz-özünə zülm etmiş, eyni zamanda da Quran əxlaqına uymamış olar. Xətalar, bu xətalar qarşısında bunlardan dərhal imtina edən və Qurana uyğun hərəkət edərək bunları dərhal düzəldən səmimi möminlərin axirətdəki dərəcələrini yüksəldir, onları kamilləşdirir, əksiklik və acizliklərinin, qul olduqlarının daha yaxşı şüuruna varmalarını təmin edir. Mühüm olan insanın günahında təkid etmədən dərhal peşiman olub tövbə etməsidir. Ayələrdə Rəbbimiz saleh əməllər edən, zəkat verən, qısacası Quran əxlaqına yiyələnənləri bağışlayacağını və rəhməti ilə əhatə edəcəyini bildirir:

Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam! (Taha surəsi, 82)

Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Nur surəsi, 5)

Mömin olub yaxşı işlər görən kəs isə nə zülmə məruz qalmaqdan, nə də (mükafatının) əskilməsindən qorxar! (Taha surəsi, 112)

Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm edilsin.(Nur surəsi, 56)

İman gətirərək yaxşı əməl işlədənlərin, əlbəttə ki, təqsirlərindən keçərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq. (Ənkəbut surəsi, 7)

(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah dilədiyinə hesabsız ruzi verir. (Nur surəsi, 38)

Bir insan etdiyi günaha görə tövbə etdikdən sonra da yenidən qəflətə düşüb eyni günahı edə bilər. Bəlkə də bu dəfələrlə təkrarlanır. Amma son dəfə tövbə edib o günahı bir də etmədiyində, tövbəsinin qəbul edilməsini Allahʹdan uma bilər. Lakin hər mövzuda olduğu kimi bu mövzuda da əsas olan səmimiyyətdir. Bəzi insanların qapıldığı “mən günah etməyə davam edim, sonra yaşlandıqda bir gün tövbə edərəm” tərzindəki düşüncə isə çox böyük səmimiyyətsizlikdir və sonu ziyanla nəticələnə bilər. Allah belə düşünənlərə Quranda bu cür xəbərdarlıq edir:

Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq. (Nisa surəsi, 17-18)

Bu ayələrdən aydın olduğu kimi, xəta edən, günaha batan mömin, tövbə edib Allahʹdan bağışlanma dilədiyi təqdirdə qüssə və ümidsizliyə qapılmamalıdır. Çünki ümidsizlik Allahʹın məmnun olmayacağı davranışdır. Etdiyi qüsur qarşısında Quran əxlaqına uyğun hərəkət edən möminin şövq, həyəcan və sevinci itməz, hətta əksinə daha da artar. Allah Quran ayələrində müsəlmanları belə xəbərdar edir:

Əgər Allahʹın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və Müdrik olmasaydı (yalan danışanlar Allahʹın lənətinə gələrdilər). (Nur surəsi, 10)

Əgər Allahʹın sizə lütfü və mərhəməti olmasaydı, Allah Şəfqətli və Rəhmli olmasaydı (yaydığınız şayiələrə görə sizi məhv edərdi). Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahʹın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç)(bir)(şey) verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahʹın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir. (Nur surəsi, 20-22)


Ayələrdə bildirilən xəbərlər, möminlərin şövq və həyəcanlarını artıran çox gözəl müjdələrdir. İman sahibləri həyatlarının hər anında Allahʹın bu sonsuz lütf və rəhmətini hiss edər, Allahʹın rəhməti sayəsində gözəl həyat sürə bildiklərini yaddaşlarından çıxarmazlar. Onların Allahʹa olan dualarındakı səmimiyyətlərinin, nemətlərə şükr edərkən qəlblərində duyduqları şövqün və dərin imanlarının ən mühüm səbəblərindən biri də Allahʹın Rəhman və Rəhim isimlərinin həyatlarının hər anında yaxından hiss etmələridir. Quran əxlaqına tabe olmayan, Rəbbimizin ən gözəl isimlərini təqdir edə bilməyən insanlar isə Allahʹın Rəhman və Rəhim isimlərindəki ehtişamı qavraya bilməzlər. Həyatlarının pessimist, ümidsiz, sevincsiz olmasının ən mühüm səbəblərindən biri budur. Çünki imanın gətirdiyi bütün gözəlliklərdən uzaqdırlar. Xəta etdiklərində Allahʹın çox hifz edən və çox bağışlayan olduğunu bilməzlər. Tövbə edənlərin günahlarını bağışladığını, sonsuz şəfqət və mərhəmət sahibi olduğunu düşünməzlər. Halbuki, mömin başına nə cür hadisə gəlirsə gəlsin dərhal Allahʹa üz tutur, dua edər, bağışlanma diləyər, tövbə edər. Allah səmimi qullarına hər zaman gözəllik diləyən, onları hidayət yoluna sövq edən, pisliklərdən qoruyan və sonsuz rəhməti ilə lütf edəndir. Allah ayələrdə qulları üzərindəki rəhmətini belə xəbər verir:

Bunlar Allahın ayələridir. Onları sənə bir həqiqət olaraq oxuyuruq. Allah aləmlərə haqsızlıq etmək istəmir. (Ali İmran surəsi, 108)

Bu əzab sizin öz əllərinizlə törətdiyiniz əməllərə görədir, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir! (Ali İmran surəsi, 182)

Sənə gələn yaxşılıq Allah-dandır, sənin başına gələn bəla isə sənin özündəndir. Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah kifayət edər. (Nisa surəsi, 79)

Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir! (Nisa surəsi, 147)

... Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, (hamınız) şeytana uyardınız. (Nisa surəsi, 83)



Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və Müdrik olmasaydı (yalan danışanlar Allahın lənətinə gələrdilər)
(Nur surəsi, 10)

Allahʹın qulları üzərindəki rəhməti, inkar edənləri hidayət yoluna müxtəlif formalarda çağırmasında da görünür. Onlar iman etməməkdə nə qədər təkid etsələrdə, Rəbbimiz elçiləri ilə hər biri hidayət rəhbəri olan ilahi kitabları ilə onları daim doğru yola çağırır. Elçilərin təbliğinə tabe olmayan qövmləri “bəlkə dönərlər” deyə müxtəlif sıxıntı və çətinliklərlə sınamaqdadır. Ayələrdə bildirilən “dünyada əzab, dözülməz çətinlik, sıxıntı, quraqlıq, məhsul qıtlığı” Rəbbimizin hidayət yolunu tapmamış qullarına olan şəfqətinin, mərhəmətinin çox gözəl təcəllisidir. Dünya həyatında doğru yolu tapmaları və axirətdəki sonsuz cəhənnəm əzabından uzaqlaşdırılmaları üçün onlara təqdim olunmuş fürsətdir. Ayələrdə Rəbbimizin inkar edənlərə olan lütfü belə xəbər verilir:

Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar! (Əraf surəsi, 130)

Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar. (Səcdə surəsi, 21)

Küfr etsəniz, (bilin ki,) Allah sizə möhtac deyildir. O, qullarının kafirlik etməsinə razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, kökslərdə olanları bilir. (Zumər surəsi, 7)

Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr. (Əraf surəsi, 94)

Ayələrdən də göründüyü kimi bəzi cəmiyyətlərin başına gələn fəlakətlər, çətinliklər və sıxıntıların hikmətlərindən biri o insanların Allahʹa yönəlmələri, inkardan imtina etmələri və tövbə etmələridir. Hər şeyi çox böyük hikmət, xeyir və gözəlliklə yaradan Rəbbimiz bu çətinlikləri də xeyirlə yaratmışdır. “Əraf” surəsində belə buyurulur:

O zaman onlardan bir dəstə dedi: “Allahʹın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “(Bu,) Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (pisəməllərdən) çəkinsinlər!” (Əraf surəsi, 164)

Səndən əvvəl də ümmətlərə (elçilər) göndərmişdik. Biz onları sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr. (Ənam surəsi, 42)

Ayələrdə də bildirildiyi kimi, Rəbbimiz “bəlkə çəkinərlər” və “bəlkə boyun əyərlər” deyə insanlara müxtəlif xəbərdarlıq edənlər göndərir, onları rəhmətinə və cənnətinə daxil etmək istəyir. Allahʹın insanların günahlarını bağışlayan olması, cəzalarını ertələməsi və onlara ömürləri boyu hər an yeni fürsətlər verməsi insanlar üçün çox böyük lütf və rəhmətdir. Əgər insanların günahlarına görə dərhal sorğu-sual edilərək cəzaları verilsəydi, Allahʹın Quranda bildirdiyi kimi yer üzərində heç bir canlı varlıq qalmazdı:

Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. (Nəhl surəsi, 61)

Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər (Allah) onları qazandıqları (günahlara) görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. (Əzab gələcəyi vaxt) onlar heç bir sığınacaq tapa bilməyəcəklər. (Kəhf surəsi, 58)


Beləliklə, insanlar xətaları və ya günhalarından asılı olmayaraq, heç vaxt Allahʹın razı olduğu kimi qul ola bilmək üçün gecikməyiblər. Çünki Allah insanlara daima yeni fürsətlər verir, onlara müxtəlif xəbərdarlıqlar və xatırlatmalar edir. İnsan həyatı boyu nə qədər xəta edərsə, din əxlaqından nə qədər uzaq yaşayarsa səmimi olaraq tövbə etdiyi və səmimi bir qəlblə Allahʹa üz tutduğu təqdirdə keçmişdə etdiyi xətalarını düşünməsinə gərək yoxdur. Mühüm olan bu xətalardan ibrət almaq, buna bənzərlərini bir daha etməmək üçün öyüd almaqdır. Allah, özlərinə xəbərdarlıq olduqdan sonra doğru yolu tapan saleh qullarını keçmişlərindən məsul tutmayacağını Quranda xəbər vermişdir:

… Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə (bu günaha) qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (Maidə surəsi, 95)

Kafir olanlara de ki, əgər (küfrə) son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər (küfrə) qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər. (Ənfal surəsi, 38)

Allah bütün insanlara öyüd alanın öyüd ala biləcəyi qədər möhlət verir. (Fatir surəsi, 37)

Onlara xəbərdarlıq edib qorxudan elçilər göndərir və bu elçilər vasitəsi ilə qorxub çəkinmələri lazım olan şeyləri bildirir. Lakin bütün bunlara baxmayaraq inkarda dirənən insanlar da əlbəttə etdikləri pisliklərin qarşılığını görəcəklər. Rəhman və Rəhim olan Allahʹın təcəllilərinin fərqinə varmayan, özünü ömrü boyu əhatə edən bu təcəlliləri təqdir etməyib, həmd etməyən hər insan etdiyi bu nankorluğun qarşılığını görəcəkdir. Bu əlbəttə, Allahʹın ədalətinin təcəllisindən biridir. Allah “Məryəm” surəsində belə buyurur:

De: “Qoy ər-Rəhman azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”. (Məryəm surəsi, 75)