ŞEYTANIN İNSANLARI ALLAHʹDAN UZAQLAŞDIRMA ÜSULLARI

Şeytanın gücü yalnız Allahʹın cəhənnəm üçün xüsusi olaraq yaratdığı insanlara təsir edir. Şeytanın səmimi qəlblə Rəbbimizə yönələn, Onun əmr və tövsiyyələrini çox böyük dəqiqliklə yerinə yetirən, yalnız Allahʹın rızasını qazana bilmək üçün ixlasla saleh əməllər edən və əməllərinin qarşılığını axirətdə alacaqlarını bilən insanlar üzərində heç bir gücü yoxdur. Şeytanın insanı doğru yoldan azdırmaq üçün göstərdiyi bütün səylər, qulağına fısıldadığı vəsvəsələr iman edənlərə təsir etməz. Allah bu həqiqəti ayələrində belə bildirir:

Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir. (Nəhl surəsi, 99-100)

Başqa bir ayədə şeytanın bu vəziyyəti belə xəbər verilir:

Doğrusu, Mənim bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması kifayət edər! (İsra surəsi, 65)


Buna görə də Allah iman edənlərə Quranda “Sizi yalnız o Şeytan öz dostlarından qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun! (Ali İmran surəsi, 175) deyə buyurur. Şeytan bəlkə də müxtəlif üsullarla insanın bir anlıq xəta etməsinə səbəb ola bilər, lakin Müsəlman hər hansı bir xəta etdiyində, dərhal fərqinə varar və tövbə edib Allahʹa sığınar. “Əraf” surəsində iman edənlərə belə bildirilir:

Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar. (Əraf surəsi, 200-201)

Lakin inkar edənlər şeytanın sözünə qulaq asır, onu özlərinə vəli seçirlər. Şeytan onları qorxuyla, təhditlə, dünya həyatına aid müxtəlif yalanlarla, vəsvəsələrlə, vədlərlə təsiri altına almış və hər sözünə qulaq asmağa məcbur etmişdir. Artıq onlar şeytanın firqəsinin, üsyankar ordusunun mənsubudurlar. Şeytanın sözləri də onlar üçün təlimat və əmrdir. Onun sözlərinə itaət etmək gördükləri tək işdir.

Şeytanın insanlara verdiyi ilk əmr isə Allahʹın varlığını inkar etmələridir. Allahʹın “…Şeytana bənzəyir. O, insana: “Kafir ol!”- deyər…” (Həşr surəsi, 16) ayəsində bildirdiyi kimi o, insanlara ilk olaraq Allahʹın varlığını inkar etmələrini söyləyər. Sonra digər əmrlər də bir-birini izləyər: Düşünmə! Dinləmə! Oxuma! Öyrənmə! Uzaq dur! Yaxınlaşma və Qürurlan!...


ŞEYTANIN ƏMRİ: DÜŞÜNMƏYİN

Düşünmək qabiliyyəti insana dünya həyatında verilən ən böyük nemətlərdən biridir. Çünki insan düşünərək Allahʹın sonsuz gücünü, kainatdakı qüsursuz sənətini qavrayır. Düşünən insan dünyada olan hər xırdalığın bir çox hikmətlə yaradıldığını, ölümün yaxın olduğunu və dünya həyatında yerinə yetirməli olan vəzifələri olduğunu qavrayır. Quranda bir çox ayədə yalnız düşünən insanların öyüd ala biləcəyi, Allahʹın varlığının dəlillərini ancaq onların görəcəklərini bildirmişdir. Quranın nazil olma məqsədi “Sənə nazil etdiyimiz mübarək bir Kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar!” (Sad surəsi, 29) ayəsində xəbər verildiyi kimi, insanların ayələr üzərində dərin düşünmələridir.

Lakin insanların böyük hissəsi düşünməyi çətinlik olaraq qəbul edir. Hətta bu insanlar düşünməyin həyatlarına və rahatlıqlarına zərər verəcəyinə inanırlar. Bu anlayışa görə “zərərlərin ən mühümü” insana dünya həyatlarındakı vəzifələrini xatırlatmaq, düşdükləri qəflətdən onları çıxartmaqdır. Çünki düşünməmək insanı zehni tamamilə boş qoyan bir növ yuxuya sürükləyir. Bu yuxu adətən sehr kimi insana bütün vəzifələrini, nə üçün var olduğunu, həyatdakı məqsədini, bir gün öləcəyini unutdurur. Bu yuxunun başqa növü isə dünya həyatının gündəlik və təkrarlanan işlərinə özünü verməkdir. Bəlkə bu insanlar gün ərzində bir çox şey düşünür, qərar verir və ya həll yolları tapmış kimi görünə bilirlər, amma əslində düşündükləri şeylər gündəlik qaç-qovlarından başqa bir şey deyil. Bu düşüncələrin heç biri insanın yaradılış məqsədi, dünya həyatının gəlib keçici olduğu və hər canlının bir gün torpaq olacağı ilə bağlı deyil. Əzbərlənmiş, öyrədilmiş, qəlibləşmiş, vərdiş edilmiş hərəkətlər, danışıqlar və davranışlar belə insanların bütün həyatını o qədər bürüyür ki, əsl həqiqətlər üzərində düşünməyi lazımsız bilir.

Bu insanlar özləri düşünməkdən qaçdıqları kimi, başqalarının etdikləri xatırlatmalardan da qətiyyətlə qaçırlar. Allahʹa iman etmələri, Onun rızası üçün yaşamaları və Quran ayələri üzərində düşünmələri üçün edilən çağırışlardan üz çevirirlər.

Lakin dünyadakı hər şey və hər varlıq məqsədyönlü şəkildə yaradılmışdır. Allah kainatdakı hər şeyi insanların düşünmələri üçün yaratmışdır. Allah Quran ayələrində yeri, göyü və ikisi arasındakıları kimin daha gözəl davranacağını sınamaq üçün yaratdığını bildirmişdir. İnsan qısa dünya həyatı ərzində bütün etdikləri ilə sınanır. Onu yaradan və ölümündən sonra yenidən dirildən, haqq-hesaba çəkən Allah qarşısında böyük məsuliyyət daşıyır. Quranı oxumaq, dinləmək, ayələr üzərində düşünmək və anlayıb tətbiq etmək də hər bir insanın ən öndə gələn vəzifələrindən biridir. Allah bu həqiqətə, “Məgər kəlam haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi?” (Muminun surəsi, 68) ayəsi ilə diqqət yetirir.

Düşünən insan kainatdakı bu qədər incə nizamın və qüsursuz dizayn nümunələrinin təsadüfən meydana gəlməyəcəyinə, var olan hər şeyin yaradıcısı olduğuna qərar verəcək. Ətrafındakı yaradılış möcüzələrini çox dərindən düşündükcə, Allahʹın varlığının dəlillərini, Onun yaratdığı hadisələrdə hikmətləri görərək Allahʹa təslim olacaq və yalnız Onun rızasını qazanmq üçün yaşayacaqdır. Bu həqiqətin fərqində olan şeytan insanların qəflət içində ömür sürmələrini, Allahʹın ayələrindən uzaqlaşmalarını, bunun üçün də düşünməmələrini istəyir. Allah şeytanın bu hədəfini bir ayədə belə bildirir:

“... mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm...” (Əraf surəsi, 16-17)


Şeytan bu son hədəfinə çatmaq üçün insanları qəflətdə saxlayacaq xüsusi şəraitlər hazırlayır. Bunun üçün insanların zəif xüsusiyyətlərindən istifadə edərək planlar qurur, ssenarilər yazır və bunları insanların nəfslərinin ən çox məmnun olacağı, ən çox zövq alacağı vəziyyətə gətirməyə çalışır. Din əxlaqından uzaq insanlar da belə mühitlərdə iman edən insanların əksinə Allahʹı unudaraq, axirəti heç düşünməyərək qəflət içində olurlar.

Məsələn, əyləncə yerləri şeytanın bu incə planını asandlıqla tətbiq etdiyi məkanlardır. Çünki din əxlaqına tabe olmayan insanlar buna bənzər yerlərdə heç bir şey düşünmədən, boş zehinlə vaxt keçirirlər. Bu məkanlarda ən dəyər verilən şeylər geyilən geyim, taxılan bəzək əşyaları, xərclənən pul və ətrafdakı insanlardır. Heç kimin bir-birini eşidə bilmədiyi yüksək səsli musiqi, dumandan insanların bir-birini görə bilmədiyi tüstülü hava, partlayan fişənglər, yüksək səsli danışıqlar və qışqırtılar bir yerə yığılınca, Allah qorxusu olmayan insanların diqqətini əsla toplaya bilməyəcəyi və düşünə bilməyəcəyi mühit tamamlanmış olur.

Əlbəttə, insanların əylənmələri, şad olmaları, söhbətindən xoşları gələn insanlarla bir yerdə olmaları gözəl nemətlərdir. Lakin burada nəzərdə tutulan axirətin unudulduğu, Allahʹın adının anılmadığı mühitlərdir. Yaradılış məqsədini tamamilə unutmuş, Allah qorxusunu qəlbində hiss etməyən, əylənmək üçün deyil, buradakı qafil şəraitə düşmək üçün vaxtını belə yerlərdə keçirən insanların nə xəbərdarlıqları düşünəcək, nə də anlayacaq halları qalmaz. Onsuzda belə insanların bu cür məkanları seçmələrindəki səbəblərdən biri də “hər şeyi unutmaq” və “düşünməmək”dir ki, bunu da tez-tez dilə gətirirlər. Belə məkanlara, öz ifadələri ilə, “fikrini dağıtmaq üçün gələn” insan on dəqiqə əvvəl ağlı başında davranarkən bir anda hər cür lazımsız hərəkətləri normal görməyə başlayır. Yenə öz ifadələri ilə “çılğıncasına əylənmək” üçün hər cür əxlaqsızlığı məqbul qarşılayır, baş verənlərə qarşı laqeyd olur.

Belə mühitlərdə, Allah qorxusu hiss etməyən insanların zehinlərindən faydalı düşüncənin keçməsi demək olar ki, mümkün deyil.

Beləliklə, şeytan, “düşünməyin!” əmrinə insanların itaət etmələrini təmin etmiş olur. Allah, “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, mallarına və övladlarına ortaq ol, onlara cürbəcür vədlər ver...” (İsra surəsi, 64) ayəsi ilə də şeytanın bu üsuluna diqqət çəkir.

İnsanların dərin qəflət içində yaşadıqları bu həyat, hal-hazırda yalnız əyləncə məkanları ilə məhdud deyil. Səs-küylə, lazımsız hərəkətlərlə insanların Allahʹın ayələrini düşünməkdən uzaqlaşdırıldıqları hər mühit, şeytanın yuxarıda bəhs etdiyimiz planının bir hissəsidir. Futbol oyunlarında tribunaları, konsertlər zamanı stadionları dolduran izdihamların meydana gətirdiyi və buna bəzər mühitlərdə, şeytan eyni üsullarla bəzi insanları düşünməkdən uzaqlaşdırır. Bir çox insan belə yerlərə əylənmək, yarışı izləmək və ya gözəl səs dinləmək üçün deyil, insanlara qışqırmaq, dava etmək, qısacası, hər cür çirkin hərəkəti etmək üçün gəlir. Üstəlik belə yerlərdə bir iki nəfər deyil, minlərlə, on minlərlə izdiham, hamısı bir-birilərinə təsir edə bilir və hamısı qafil vəziyyətə düşə bilir.

Belə mühitdə bir çox insan Allahʹın onu hər tərəfdən əhatə etdiyini, hər an ölüm mələkləri ilə qarşılaşa biləcəyini ağlına gətirmir.

Buna bənzər məkanları qəflətə qapılmaq üçün fürsət bilən və həqiqətlərdən qaçan insan, ölüm mələklərini heç gözləmədiyi anda qarşısında gördüyü zaman artıq hər şey üçün çox gec olacaq. Çünki insan dünya həyatını boş əməllərin arxasında keçirmiş və Quran ayələrini düşünməkdən qətiyyətlə qaçmışdır. Düşünməmək üçün müxtəlif üsulları sınamış, şeytanın oyunlarına aldanmışdır. Halbuki, ölümü, həyatın keçici olduğunu, Allahʹa qarşı vəzifələrini düşünən insanın belə qafil vəziyyəti qəbul etməsi mümkün deyildir. Allahʹın hər an canını ala biləcəyini və ağzından çıxan hər söz, ağlından keçən hər düşüncə və etdiyi hər hərəkətdən hesaba çəkiləcəyini bilən insan, hansı mühitdə olacağından asılı olmayaq bu həqiqətləri ağlından çıxarmaz və qəflətə qapılmaz.

Unudulmamalıdır ki, bir məkanda Quran əxlaqına uyğun əylənmək yerinə, ədəbsizlik edən, o ədəbsizliklərə təşviq edənlərə ölüm eyni yaxınlıqdadır. Bəlkə o insan bayıra çıxan kimi ölüm mələkləri ilə qarşılaşacaq, heç gözləmədiyi bir anda özünü Allah’ın qarşısında hesab verərkən görəcək.


Deməli, ölüm insana bu qədər yaxın olduğu halda, insanın qəflət içində həyatına davam etməsi, əyləci qopmuş yük maşınının sürətlə üstünə gəldiyini gördüyü, çırpılıb onu öldürəcəyini bildiyi halda, imkanı var ikən önündən çəkilməməsinə bənzəyir. İnsan həyatı boyu istərsə yüzlərlə, minlərlə ədəbsizlik etsin, hətta bütün həyatını bu cür keçirmiş olsun, ölüm mələkləri canını alarkən bütün yaşadıqlarını geridə qoyacaqdır. Əgər insan vaxtını Allah’ın varlığından qəflət içində keçirmişsə, o gün, cahil cəmiyyətlərində “dünyanı doya doya, yaşamaq” şəklində ifadə edilən bu həyatın ona itkidən başqa bir şey gətirmədiyinin fərqinə varacaq. Rəbbimizi və hesab gününü unutduğu üçün etdiyi hər cür lazımsız hərəkətlərin peşmançılığını hiss edəcək. Allah Quranda inkarçıların qəflətdə olduqları zaman onlara edilən xəbərdarlıqlara verdikləri reaksiyaları belə bildirir:

İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər. Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər; qəlbləri qəflət içində olaraq... (Ənbiya surəsi, 1-3)

"DÜŞÜNMƏYİN İNSANA ZƏRƏR VERƏCƏYİ” YANILQISI

Cahil cəmiyyətlərdə “düşünməyin insana zərər verdiyi” şəklində inanc hakimdir. Bu böyük yanlış əslində şeytanın insanların Allahʹın ayələri üzərində düşünmələrinə mane olmaq üçün istifadə etdiyi başqa bir taktikadır. Şeytan insanlara verdiyi bu təlkin sayəsində düşünməyin onları çətinliyə salacağı, yorulmalarına səbəb olacağı düşüncəsini verərək, onları Qurandan uzaq tutur. Hətta cahil cəmiyyətdə çox düşünməyin insanı dəli edəcəyinə inanırlar. Bu inam şeytanın digər oyunları kimi yalandan ibarətdir. Əksinə, insan düşünmədiyində, düşünməməsindən qaynaqlanan ağılsızlıqlara görə çox sıxıntı çəkir.

Eyni şəkildə insanların çoxu ölüm, axirət kimi mövzular barəsində düşünməyin də məsuliyyətlərini xatırladacağını bildikləri üçün bu mövzuları da düşünməməyi özlərinə görə həll yolu bilirlər. Bu baxımdan düşünməmək insanların öz-özlərini aldatmaq və həqiqətləri qulaqardına vurmaq üçün istifadə etdikləri ən məşhur üsullardan biridir. İnsanlar elə zənn edirlər ki, düşünməsələr, üzərlərinə düşən məsuliyyət aradan qalxar, lakin yanılırlar. İnsan istəsə də istəməsə də, düşünsə də düşünməsə də, məsuliyyətlərində əskilmə və ya fərqlilik olmayacaqdır. Çünki Allah hər kəsi iman etməklə və quran əxlaqına tabe olmaqla cavabdeh etmişdir. Hər insan dünya həyatında sınanır və tez ya da gec qulaqardına vurduğu həqiqətlərlə üz-üzə gələcək.


Düşünməməyin gətirdiyi nəticələrdən bir digəri isə bu kimsələrin ətraflarında baş verən hadisələrdən, ya da şəxsən öz təcrübələrindən ibrət almamalarıdır. Allahʹın insanların düşünüb davranışlarını düzəltmələri üçün yaratdığı hadisələr bu kimsələr üzərində heç bir dəyişikliyə səbəb olmur. Dünyada hər an meydana gələn bütün hadisələrin təsadüfi olaraq baş verdiyinə özlərini inandıraraq, başlarına gələn ibrətamiz hadisələrin hikmətlərini təqdir edə bilmirlər. Allah inkarçıların bu xüsusiyyətindən belə bəhs edir:

Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə, yenə tövbə edib ibrət almırlar! (Tövbə surəsi, 126)

Halbuki, böyük fəlakətlər, dünya həyatındakı qorxunc bəlalar və sıxıntılar insanları düşünməyə sövq edən çox mühüm hadisələrdir. Lakin inkarçılar belə hadisələri mübahisə mövzusu edir, hadisələrin təsadüflərin əsəri olduğunu dilə gətirməyə başlayır və beləliklə düşünməkdən qaçırlar. Allahʹın Quranda bildirdiyi kimi “...Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdir...” (Əraf surəsi, 95) deyər və qəflət içindəki həyatlarına davam edərlər. Hər bəlanı və fəlakəti təsadüflərlə, təbii səbəblərlə izah etməyə çalışır, bunun xatırlatma olduğunu unutmağa, düşünməməyə çalışırlar. Başlarına gələn fəlakətləri qulaqardına vuraraq “böyük təbiət hadisəsi, onsuz da gözlənilirdi, hər cəmiyyətdə belə hadisələr olur, böyük bədbəxtlik” deyərək, özlərinə görə izah verirlər. “Bu Allahʹdan bizlərə gələn xəbərdarlıq idi” deyə bilməyib, belə bir ehtimalı dilə gətirməkdən belə çəkinirlər. Bu da şeytanın digər taktikasıdır.

Dünyada insanın başına gələn hər cür fəlakət, bəla, sıxıntı ya da axirətdəki əzabı xatırladan hər hansı bir hadisə Allahʹın insanlara lütfü olaraq verdiyi fürsətlərdir. Allah dünya həyatındakı bu sıxıntıların gücünü müəyyən dərəcədə tutaraq, insanların Ondan qorxub çəkinmələrini və bu hadisələrdən ibrət alaraq, davranışlarını düzəltmələrini istəyir. Bir ayədə Allah dünyəvi əzabların hikmətini belə bildirir:

Biz ən böyük əzabdan əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə qayıdalar! Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?... (Səcdə surəsi, 21-22)

Allah bu vasitəylə insanlara ölümün yaxınlığını, insanın hər davranışından məsuliyyət daşıdığını, əmr və qadağalarını yerinə yetirməyi xatırladır. Ancaq inkarçılar çox qürurlu olduqlarına görə bütün xatırlatmaları əyləncə mövzusu edir və inkarlarını daha da artırırlar. Beləki onlara Allahʹın əzabından qorxmalarını, Allahʹın ayələrinə tabe olmalarını xatırladan elçilərə “Əgər doğru danışanlardansınızsa, bu vəd nə vaxt yerinə yetəcəkdir?” (Mülk surəsi, 25) tərzdə meydan oxuyan cavablar verirlər. Ya da “Həqiqətən, bizə də, atalarımıza da öncə bu vəd olunmuşdu. Bu qədimlərin əfsanələrindən başqa bir şey deyildir” (Muminun surəsi, 83) kimi ifadələrdən istifadə edərək çirkin cəsarət göstərirlər. Halbuki, Allah “Əraf” surəsinin 95-ci ayəsində bu çirkin davranışlarının qarşılığında bu insanların “Elə bu an onları özləri də bilmədən, qəflətən yaxaladıq” və çox böyük əzaba layiq olduqlarını xəbər verir. “Ali-İmran” surəsində insanlar o çətin gündə hər kəsin necə ruh halında olacaqları haqqında düşünməyə dəvət olunurlar:

O gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah bəndələrə mərhəmətlidir! (Ali-İmran surəsi, 30)

ŞEYTANIN ƏMRİ: ”YARADILIŞIN DƏLİLLƏRİNİ QULAQARDINA VURUN”

Kainatın müəyyən bir hissəsi, təbiətdəki və canlılardakı qüsursuz sistemlər çox mükəmməl nizama malikdir. İçində yaşadığımız kainatın ən böyüyündən ən kiçiyinə qədər hansı hissəsini araşdırmağımızdan asılı olamayaraq, hər birinin şüurlu yaradılışın dəlillərini ortaya qoyduğunu görürük. Əsla pozulmayan nizam içində orbitlərində hərəkət edən göy cisimlərindən canlılığın davam etməsi üçün lazımlı olan atmosferdəki qazların tarazlığına, insanın həyatını davam etdirə bilməsi üçün xüsusi olaraq dizayn edilmiş bədənindən, hər biri ayrı mütəxəsis olan hüceyrə, zülal, DNT, atom kimi ən kiçik hissələrə qədər ümumiləşdirməklə bitirə bilməyəcəyimiz minlərlə xırdalıqlar var. Bütün bunlar ən mükəmməl tərzdə var edilmiş və qüsursuz olaraq varlığını davam etdirir.


Ancaq inkarçılar Allahʹın varlığına və birliyinə aid saysız-hesabsız dəlili qulaqardına vurur, canlıların varlığını təsadüflərlə açıqlamağa çalışırlar. İnsan bədənindəki qüsursuz dizaynı, təbiətdəki canlıların yaradılış möcüzələrini, gilasın, çiyələyin, portağalın dadını, gülün, bənövşənin, qızılgülün qoxusunu, qüsursuz görünüşlərini, səmadakı ulduzların, Ayın, Günəşin bənzərsiz xüsusiyyətlərini kor təsadüflərlə əlaqələndirir, yaradılış həqiqətini rədd etmək üçün hər üsula əl atırlar. Bu insanların son iddiası kainatdakı hər bir hissənin milyonlarla il davam edən təsadüflər zəncirinin nəticəsində, şüursuz atomların bir yerə yığılmaları ilə meydana gəldiyidir. Bu mövzuda qarşımızdakı ən dəqiq nümunələr təkamül nəzəriyyəsini kor koranə müdafiə edib, ətrafımızı bürüyən milyonlarla yaradılış dəlilini qulaqardına vuran təkamülçü elm adamlarıdır.

Hüceyrənin varlığından belə xəbərdar olmayan, 19-cu əsrdə yaşamış Çarlz Darvin adında həvəskar bioloq tərəfindən ortaya atılan bu nəzəriyyə, bu günkü elmi nailiyyətlər nəticəsinədə çox böyük məğlubiyyətə düçar olmuşdur. Lakin bu nəzəriyyənin ən mühüm xüsusiyyəti dini inkar edən materialist idealogiyalara həyat verərək elmi zəmin hazırlaması olmuşdur. Buna görə də təkamül nəzəriyyəsi (elm qarşısındakı böyük məğlubiyyətinə baxmayaraq) materialist elm adamları tərəfindən gündəmdə tutulmağa çalışılır. Bu elm adamları yaradılış həqiqətini inkar etmək uğrunda elmin həqiqətlərini qulaqardına vurur, dəlillərə etibar etmirlər. Onları ən çox narahat edən isə yaradılış həqiqətinin dəlilləri ilə ortaya qoyulması və təkamül nəzəriyyəsinin əksikliklərinin və xətalarının elmi qaynaqların işığında göz önünə gətirilməsidir. Təkamülçü elm adamlarının təkamül nəzəriyyəsinə olan bağlılıqları artıq elmi yanaşmadan çıxmış, fikri və kor koranə aslılıq halına gəlmişdir. Onlara Quranda Allahʹın varlığının dəlilləri gətirildiyi halda, atalarının dininə olan bağlılıqlarına görə inkarda dirənən qövmlər nümunə olaraq verilir. Hər cür sübutlara baxmayaraq inanmamaqda dirənmələri inkarçıların ortaq xarakteri və xüsusiyyətidir. Allah Quranda inkarçıların bu xüsusiyyətlərini bir çox ayə ilə xəbər verir:

Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda, (onlara) inanmadıqlarına görə məhv etdik. (Yunus surəsi, 13)

Dövrümüzdə yaradılışı inkar edənlər də yuxarıdakı ayədə xəbər verilən əvvəlki nəsillər kimi iman etməkdə dirənirlər. Bu insanlar açıq aşkar elmi dəlillərə baxmayaraq, kainatın və bütün canlıların təsadüflər nəticəsində meydana gəldiyini, təsadüfi olaraq yaşadıqları dünyada heç kimə qarşı məsuliyyətlərinin olmayacağını iddia edə bilir və Qurandan üz çevirirlər. İnanclı insanlar ətraflarındakı hər yaradılış dəlilini heyranlıqla və diqqətlə izləyərkən, Allah’ın yaratmasındakı ehtişam qarşısında hər gün heyranlıqları qat-qat artarkən, digərləri bu dəlilləri görməyəcək qədər kordurlar. Şübhəsiz ki, bu bəhs olunan insanların vicdanlarının kor olmasının və Allah’ın haqq kitabından uzaq olmalarının nəticəsidir.

                                           

İnsanların həqiqətləri görməməsinin arxasında yatan gizli səbəb isə onların inkar etmələri üçün çox ciddi səy göstərən şeytandır. Quranda, “Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı ürcah edərik və onun (Şeytanın) yaxın dostu olar. (Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər!” (Zuxruf surəsi, 36-37) ayələrində də bildirildiyi kimi, şeytan bu insanları doğru yoldan ayırır. Allahʹın qüsursuz dizayn və yaratması hər yeri əhatə edərkən, şeytan inkar edənləri həqiqətlərdən uzaqlaşdırır, dünyəvi məşğuliyyətlərlə başlarını qataraq onların bu dəlilləri qulaqardına vurmalarına səbəb olur.

Şeytanın oyununa aldanan bu insanlar, onlara haqqı söyləyən insanlara şiddətlə qarşı çıxırlar. Bu vəziyyət onların iman edənlərə qarşı qəzəblənmələrinə, kin və nifrət hiss etmələrinə səbəb olur. İnkarçıların Allahʹın varlığına aid dəlillərin onlara göstərilməsindən və izah etmələrindən yaranan narahatlığı Allah bir ayədə belə bildirir:

“Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: “Biz sizinlə göndərilənlərə inanmırıq...” (İbrahim surəsi, 9)

Bu mövzunun əsl səbəbi inkar edənlərin həqiqətləri (Allahʹın varlığına dair dəlilləri və Quranın haqq kitab olduğunu) qəsdən qulaqardına vurmasıdır. Bu kimsələr həqiqətləri bilə-bilə inkar edir, düşünmək istəmirlər. Allahʹın, “...Halbuki, (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahʹın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər” (Bəqərə surəsi, 75) ayəsində bildirdiyi kimi, anlayırlar, lakin bununla belə inkar edirlər. Çünki yaradılış gerçəyinin fərqində olmaq, Allahʹın bənzərsiz sənətini təqdir edə bilmək üçün uzun zaman düşünməyə, saatlarla araşdırmağa ya da oxumağa ehtiyac yoxdur. İnsan vicdanının səsini dinləyib, səmimi qəlblə bir az diqqət sərf etdiyi, bir-neçə saniyə düşündüyü təqdirdə yaradılış gerçəyini inkar edə bilməyəcək vəziyyətə gələcəkdir. Edəcəyi bir şey var, o da vicdanının səsinə qulaq asması və şeytanın üsullarına qarşı diqqətli olmasıdır.

ŞEYTANIN ƏMRİ: “TƏKƏBBÜRLƏNİN”

Allahʹın ayələrinə iman etməyənlərin, Onun əmr və qadağalarına itaət etməyənlərin ortaq xüsusiyyətlərindən biri də “qürur və öz ağlını bəyənmək”dir. Şeytan insanlara qürurlanma hissi verərək insanları Allahʹa təslim olmaqdan, Quran ayələrini dinləməkdən ayırır.

Allahʹın “Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ” (Loğman surəsi, 7) ayəsi ilə bildirdiyi kimi, insanlar eqoist olduqlarına görə ayələrdən üz çevirir.


Şeytan insanlara çox böyük qürurlanma duyğusu verərək, hər şeyi ən doğru və əksiksiz olaraq özünün bildiyinə inandırır. Buna görə də insan ətrafından gələn xatırlatmaları, tövsiyə və tənqidləri qəbul etmir, bunlara lağla və qürurlanaraq qarşılıq verir. Heç kimi ya da heç bir şeyi yol göstərici olaraq tanımadığı kimi, yalnız öz inancından imtina etməmək uğrunda yanlış olduğunu gördüyü şeylərdən belə imtina edə bilmir. Öz fikrinin bəzi əksiklikləri, xətalı yönləri olduğundan bir az olsun şübhə etsə belə həqiqəti görməyə imkanı var ikən, heç bir mövzuda razı salınmayan, inadçı, sabit fikirli xarakterə malik olur.

Buna görə də, ona edilən dəvəti səmimiyyətlə qiymətləndirməz, səhv anlayar, iman edənlərin bu dəvəti ilə ona qarşı üstünlük əldə etmək niyətində olduğunu düşünərək özünü aldadar. İman edənlərin heç bir qarşılıq gözləmədən, yalnız Allahʹın rızası üçün insanlara Quran əxlaqını çatdırdıqlarına heç cür inanmaq istəməzlər. İnkarçıların bu ümumi qənaətə gəlməsinə dair keçmiş qövmlərin başçıları ilə bağlı bir ayədə belə bildirilib:

Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah (elçi göndərmək) istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. (Muminun surəsi, 24)

Lakin unudulmamalıdır ki, qürur və təkəbbürlənmənin insana verdiyi itkilər çox böyükdür. Boş qürur davası edən inkarçılar ilk öncə doğrunu səhvdən ayırmaq və etdikləri yalnışlardan dönmək, özlərini islah etmək kimi çox mühüm fürsəti itirirlər. Özlərində xəta ola biləcəyini əsla qəbul etmədikləri üçün əksikliklərini aradan qaldırmaq, özlərini inkişaf etdirmək imkanları da olmur. Çünki hər cür dəvətə əvvəlcədən bütün qapıları bağlayıblar. Xatırladılanların öz xeyirlərinə olub olmadığını qiymətləndirməyi belə düşünmürlər. Öz fikirlərinin, düşüncələrinin və inanclarının doğruluğundan o qədər əmindirlər ki, özlərindən daha ağıllı bir insanın ola biləcəyinə ehtimal belə etmirlər. Beləliklə, öz fikirləri, mülahizələrinə dair heç kimi, qısacası, özlərindən başqa heç bir nüfuzu tanımırlar. Böyüklük qürurunun insanı Allahʹa qarşı üsyana sürükləyəcəyini Allah bir ayədə belə bildirir:

Ona: “Allahʹdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. (Bəqərə surəsi, 206)

Keçmişdə Firon da Hz. Musanın peyğəmbərlik məqamını və onun Allahʹa təslim olması barəsindəki təkliflərini qüruruna sığışdıra bilməmiş və özünün belə bir məqama istər güc, istərsə də maddi imkanlar baxımından daha çox layiq olduğunu düşünmüşdür. Təkəbbürlənərək Allahʹa qarşı çıxmış, ona deyilənləri dinləməmiş, qürurlanaraq Allahʹın ayələrindən üz çevirmişdir. Eyni şəkildə qövmünə də Allahʹın ayələrindən üz çevirmələri barədə təzyiq etmişdir. “Taha” surəsində Fironun qövmünə belə səsləndiyi bildirilir:

(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz Ona iman gətirdiniz? Şübhəsiz ki, O sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” (Taha surəsi, 71)

Təkəbbür və qürurundan qaynaqlanan zorbalığıyla, zülmləri ilə xatırlanan Firon da bu baxımdan şeytanın tam təsiri altına düşmüş, onun əmrlərini əksiksizcə yerinə yetirmiş bir insan idi. Onun bu azğın xarakterini Allah “Həqiqətən, o, təkəbbür göstərən, həddi aşanlardan idi!” (Duxan surəsi, 31) ayəsi ilə xəbər vermişdir.

İnsana bu lazımsız əxlaqı əmr edən şeytandır. Lakin şeytan insanların “təkəbbürlənin” şəklindəki əmrinə itaət etmələrini yetərli bilmir. Onun istəyi öz tərəfdarlarının da onunla birlikdə Allahʹa qarşı üsyan etmələridir. Bir ayədə Allah şeytanın əsl hədəfini belə xəbər verir:

(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. (Hicr surəsi, 39)

Şeytan bu məqsədinə çatmaq üçün üsyan etməyi iman etməyənlərin gözündə gözəl göstərməyə çalışır. Buna görə də inkarçılar onları Allahʹın əmr və qadağalarına tabe olmağa çağıran möminlərə qarşı da çox sərt hərəkətlər edir və məlumatlarının əksik ola biləcəyinə ehtimal vermirlər. Təklif olunan dəvəti dinləməyəb, Quran ayələrinə qulaq asmayıb, təkəbbürlənərək arxa çevirərlər. Quranda Allah hz. Musanın təbliğinə Fironun əzəmətlə qarşılıq verməsindən belə bəhs edir:

(Musa) ən böyük möcüzəni (Firona) göstərdi. O isə (haqqı) yalan sayıb üsyankar olduğunu göstərdi. Sonra da üz döndərib (fəsad törətməyə) girişdi. O, (camaatını) toplayıb (onlara hündür səslə müraciət edərək) dedi: “Sizin ən uca rəbbiniz mənəm!” (Naziat surəsi, 20-24)

Nəticə etibarilə, inkarçılar hər tərəfdən ən üstün olanın özləri olduğuna inanmaq istəyirlər. Firon nümunəsində də göründüyü kimi, özlərinin aciz bir qul olduqlarını qəbul etməyi qürurlarına heç cür sığışdırmırlar. Tərk edə bilmədikləri bu təkəbbür duyğusu da onları üsyana sürükləyir. Hətta “Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə… həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər…” (Nəml surəsi,13-14) ayələrində olduğu kimi, Allahʹın varlığını dəlilləri ilə görsələr belə şeytanın təlkini ilə inkarlarında təkid edirlər. Şübhəsiz, dünyada Allahʹa qarşı çıxaraq şeytanın əmrlərinə tabe olanlar, bu hərəkətlərinin qarşılığını axirətdə verəcəklər:

Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? (Əraf surəsi, 36-37)

ŞEYTANIN ƏMRİ: “DİNLƏMƏYİN”

Şeytan doğrunun və yaxşının eşidilməsinə əsla təraftar deyil. Çünki Quranı eşidən və dinləyən bir insan vicdanının səsinə tabe olaraq, yaxşıların tərəfinə keçə bilər; haqqı tətbiq etməyə, yaşamağa və yaşatmağa başlaya bilər. Elə buna görə də, şeytan ilk olaraq tərəfdarlarını Qurandan, həmçinin də Quranı təbliğ edən Müsəlmanlardan uzaq tutmağa çalışır. Allah insanları gözəl və doğru olanı etməyə, Allahʹın məmnuniyyətini qazanaraq nemət içində ömür sürməyə dəvət edərkən, insanların çoxu şeytanın əmrlərinə tabe olaraq onlara söylənənləri eşitməmək üçün əllərindən gələn hər şeyi edirlər. Allah, “Kafir olanlar (öz dostlarına): “Bu Quranı dinləməyin, o oxunduqda (eşidilməsin deyə) səs-küy (şuluqluq) salın ki, bəlkə, (bununla Muhəmmədə) qalib gələsiniz!” – dedilər” (Fussilət surəsi, 26) ayəsi ilə bu kimsələrin Qurana necə münasibət bəslədiklərini bildirmişdir.

İnkar edənlər Quranı dinləməmək üçün demaqoqluğa əl atır, yüksək səslə danışaraq üstün gəlməyə səy göstərir, mövzunu dəyişməyə çalışır, təcavüzkarlıq göstərərək ayələrin oxunmasına mane olmağa cəhd edirlər. Bu üsullar işə yaramazsa, bu dəfə iman edənləri susdurmaq üçün şiddətə, hədələməyə və müxtəlif təzyiq üsullarına əl ata bilirlər. Bunları etmələrinin səbəbi isə eşitdikləri həqiqətlərdən təsirlənəcəklərindən, vicdanlarının hərəkətə gələcəyindən və bəzi düşüncələrinin nə qədər xətalı olduğunun fərqinə varacaqlarından qorxmalarıdır. Bu qorxularını onların üz ifadələrindən, hərəkətlərindən, Quran ayələri oxunarkən və yaradılış həqiqəti anladılarkən bir anda panikaya qapılmalarından dərhal anlamaq mümkündür.


Quranda insanlara rəhmət və müjdə verilən, onların dünya və axirət həyatlarında qurtulmalarını təmin edən hər cür məlumata yiyələnməsinə qarşı, inkarçıların haqqı dinləməkdən qaçacaqlarını bildirən ayələrdən bir neçəsi belədir:

Ərəbcə Quran olaraq (onu) bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş bir kitabdır. O, həm müjdə verən, həm də xəbərdar edəndir. Lakin onların çoxu üz çevirib söz eşitməzlər. (Fussilət surəsi, 3-4)

Onlara: “Önünüzlə olan və arxanızca gələndən (dünyada və axirətdə olan əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə (üz çevirirlər). Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər. (Yasin surəsi, 45-46) Quranda bu mövzuda hz. Nuhun qövmü nümunə olaraq verilir. Qövmələrinə Allahʹı tək İlah olaraq qəbul etmələrini, gözəl əxlaqa yiyələnmələrini nəsihət edən bütün peyğəmbərlər kimi hz. Nuh da qövmünün müqaviməti ilə qarşılaşmışdır:

O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların (haqdan) qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə mən hər dəfə onları (imana) dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, (küfrlərində) israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. (Nuh surəsi, 5-7)

Ayədə də bildirildiyi kimi hz. Nuh qövmünü müxtəlif yollarla Allahʹa iman etməyə dəvət etmiş, ancaq qövmü onun söylədiklərini eşitməmək üçün hər yolu sınamışdır. Lakin burada xüsusi vurğulanması lazim olan bir məqam var. Elçilərin bu dəvətlərindən üz çevirmələrinə və Allahʹın vəhyini dinləməmək üçün qulaqlarını tıxamalarına səbəb şeytanın güclü təlkinləridir. Çünki inkar edənlər bir kəlmə belə dinləmədən, elçilərə nazil olan müqəddəs kitabları oxumadan, söylənənlərə bir anda qarşı çıxırlar. Allah “Kəhf” surəsinin 101-ci ayəsində inkarçıların “eşitməyə də qadir olmadıqlarını” bildirir. Bu insanlar inamsızlıqdan imtina etməməyə qərarlı olduqları üçün, “eşitsəm də imtina etməyəcəyəm” deyərək qabaqcadan üz çevirirlər.

Halbuki, belə vəziyyətdə məntiqli olan, təklif olunan dəvəti dinləmək, söylənənlər haqqında ətraflı məlumat əldə etmək, Allahʹın haqq kitabını diqqətli oxumaq olmalıdır. Lakin inkar edənlər şeytanın “dinləməyin!” tərzindəki əmrinə tabe olur və qabaqcadan üz çevirirlər. Çünki şeytan çox yaxşı bilir ki, əgər insanlar Quranı səmimi qəlblə dinləyərlərsə, üzərlərindəki qəflət pərdəsi qalxacaq və açıq şüurla Quranda bildirilən həqiqətlərin fərqinə varacaqlar. Elə buna görə də, şeytan qətiyyətlə insanların Quranı eşitməsinə mane olmağa çalışır.

Onun bu tələsinə düşüb, Quranı dinləməmək üçün qulaqlarını tıxayanlar bilməlidirlər ki, hesab günü kitabları sol yanlarından verildiyində çox böyük peşmanlıqçı hissi keçirəcəklər. O gün şeytanın firqəsinin yeganə istəyi isə ölümün həmişəlik olmasıdır:

“Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni (əzabdan) qurtarmadı. Hökmranlığım da məhv olub getdi”. (Mələklərə deyiləcək): “Onu yaxalayıb zəncirləyin! Sonra da Cəhənnəmə atın! Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun! Çünki o, Böyük Allaha iman gətirmirdi, və (heç kəsi) kasıbı yedirtməyə rəğbətləndirmirdi. Bu gün burada onun üçün bir dost tapılmaz. Qanlı irindən başqa yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər”. (Haqqə surəsi, 25-37)

ŞEYTANIN ƏMRİ: “İMAN EDƏNLƏRƏ YAXINLAŞMAYIN, UZAQ DURUN”

Şeytanın insanların Quranda izah edilən həqiqətləri dinləmələrinə, oxuyub öyrənmələrinə mane ola bilmək məqsədi ilə verdiyi başqa əmr isə “yaxınlaşmayın, uzaq durun” tərzindədir. Bunun üçün ona tabe olanları, Quranı oxuyan, xatırladan, həyatına tətbiq edən və Qurana dəvət edən insanlardan uzaq tutmağa çalışır. Onlarla birlikdə olmağın öz firqəsi üzərində çox mənfi təsiri olacağına inanır. Çünki iman edənlər Allahʹa olan güclü təslimiyyətlərinə görə hər hərəkətləri, hər davranışları və hər danışıqları ilə insanlara Allahʹı xatırladır, gözəl əxlaqları ilə ətraflarında müsbət təsir yaradırlar. Möminlərlə birlikdə olan insanlar istəsələr də istəməsələr də bu müsbət haldan təsirlənir və İslama qarşı qəlbləri isinir. Halbuki, bu şeytanın heç istəmədiyi haldır. Buna görə də inkar edənlərə iman edənlərdən uzaq durmalarını, onlarla münasibət qurmamalarını əmr edir. Hətta iman edənlərə qarşı sərt, təcavüzkar, lağ edən tərzdə davranmalarını istəyir. Çünki bu şəkildə aralarında müsbət əlaqənin meydana gəlməsi ehtimalını azaltmış olur.

Şeytanın bu güclü təlkininə görə inkar edənlər Allah’a iman edən insanlardan uzaq durmağa çalışırlar. Bir insanın iman etdiyini, Allah üçün yaşadığını bilmələri inkarçıların bu insandan uzaqlaşmaları ya da ona qarşı kin duymaları üçün kifayət edir. Çünki möminlər xatırlatdıqları həqiqətlərə görə inkarçıların din əxlaqından uzaq yaşamaları üçün mənəvi təhlükə mövqeyindədirlər. Quranda inkarçıların Allahʹın ayələrini xatırladan möminlərə qarşı davranışları belə bildirilir:

(Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): “O divanədir!” – deyirlər. Halbuki, bu (Quran) aləmlərə (insanlara və cinlərə) ancaq bir öyüd-nəsihətdir! (Qaləm surəsi, 51-52)

Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar... (Həcc surəsi, 72) Ayələrdə inkar edənlərin iman edənlərə qarşı kinləri, çox güclü düşmənçilikləri bildirilir və bunun yeganə səbəbinin də Allahʹın ayələrinin oxunması olduğu bildirilir.


İnkarçıların məqsədlərindən biri də özləri kimi başqa insanları da din əxlaqından uzaq tutmaq, doğru yoldan azdırmaqdır. Buna görə də iman edənlərə qarşı xoş münasibət bəsləyən, onlarla görüşmək və fikirlərini dinləmək istəyən insanlara mane olmaq üçün əllərindən gələni edir, uzaq tutmaq üçün səy göstərirlər. Beləliklə Allah’ı və Onun ayələrini xatırladan, ölümün yaxınlığı barəsində düşünmələrini söyləyən, hesab günü ilə xəbərdarlıq edib qorxudan və vicdanlarını hərəkətə gətirən insanların ətraflarında olmasına mane olurlar. Hər kəs özləri kimi olduğunda isə Quran ayələrindən qaçaraq, yaradılış məqsədlərini düşünmədən yaşamaları daha asan olacaqdır.

İnkarçıların son hədəfləri böhtanlarla, təzyiqlərlə iman edənləri cəmiyyətdən uzaq tutmaq, bütün əlaqələrini kəsməkdir. Çünki bu onların insanları haqqa dəvət etmələrinə mane olmağın ən qəti həll yoludur. Bu mövzuda Quranda verilən nümunələrdən biri Kəhf Əhlidir.

İmana yiyələnmiş bir qrup gənc olaraq təsvir edilən bu insanlar, inkarçı qövmlərin güclü təzyiqlərinə görə mağaraya sığınmaq məcburiyyətində qalmışlar. “Kəhf” surəsində bu insanlarla əlaqədar olaraq belə bildirilir:

Onlar (kafir hökmdarın qarşısında) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa tanrıya ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir (küfr )danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik. (Cavanlardan biri o birilərinə)(dedi:) “Bizim bu xalqımız Allahʹdan başqa tanrılar qəbul etdi. Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər? Allahʹa qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Madam ki, siz onları və Allahʹdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın. (Kəhf surəsi, 14-16)

Bununla birlikdə inkar edənlər tarix boyu peyğəmbərlərin də cəmiyyət tərəfindən dəstəklənmələrinə mane olmaq üçün müxtəlif böhtan və təzyiqlərə əl atıblar. Bu böhtanların yeganə səbəbi insanların onlardan qaçmalarını, uzaqlaşmalarını təmin etməkdir. Lakin inkarçılar (eynilə hz. Nuhun qövmünə olduğu kimi) etdiklərinin ucbatından özlərini həlak edirlər:

Onlar həm (insanları) haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər. (Ənam surəsi, 26)

ŞEYTANIN ƏMRİ: “QURAN ƏXLAQINI İZAH EDƏN KİTABLARI OXUMAYIN, OXUTMAYIN”


Tarix boyu inkarçılar, insanların iman etmələrinə mane olmaq, iman edənləri isə inanclarından ayırmaq məqsədi ilə müxtəlif üsullara əl atmışlar. Bu üsullardan biri isə insanları din əxlaqı barəsində məlumatlandıran, gözəl əxlaqı öyrədən kitablardan uzaq tutmağa çalışmaqdır. Bu məqsədlə saysız hesabsız kitab yandırılmış, yararsız vəziyyətə salınmış ya da kitabların nəşr edilməsinin və yayılmasının qarşısı alınmışdır. Xüsusilə də dövrümüzdə komunist və materialist idarəçilər insanlara Allahʹın varlığının dəlillərini göstərməyi hədəfləyən və Quran əxlaqını yayan kitabların oxunmasına, oxudulmasına təzyiqlərlə, sui-qəsdlərlə, böhtanlarla mane olmağa çalışırlar.

Yaradılış həqiqətini və Quran həqiqətlərini izah edən kitabların şüurlu olaraq zərərli və elmdən kənar olduğunu önə sürüb, insanları Allahʹa iman etməyə dəvət edən insanların cəmiyyətdəki hörmətini zədələməyə çalışırlar.

Əslində bütün bunlar şeytanın, insanların Allahʹı inkar etmələri üçün əlverişli zəmin hazırlamaq məqsədi ilə etdirdiyi çalışmalardır. Din əxlaqından uzaq olan bir sıra insanlar da şeytanın insanların oxuyub öyrənmələrinə, mühakimə edib həqiqətləri bilmələrinə mane olmaq məqsədi ilə bu hədəfinə vasitəçi olurlar. Bu tətbiqlər Rusiya, Çin kimi komunist ölkələrdə açıq-aşkar edilərkən, materialist həyat anlayışına yiyələnmiş idarəçilər tərəfindən də təşviq edilmiş, geniş şəkildə tətbiq olunmuşdur. Komunist Rusiyanın Müsəlman Türk Ölkələrində əlifbanı dəyişdirməsi, daha sonra bütün kitab nəşrlərini nəzarət altına almasının arxasında yatan səbəblərdən biri də insanların dinlərini öyrənmələrinə mane olmaq, beləliklə də şəxsiyyətlərini itirmələrini təmin etməkdir. Eyni şəkildə Çinin Şərqi Türkistan xalqının müsəlman şəxsiyyətlərini itirmələri üçün Quran və Quranı izah edən kitablar oxunmasını qadağan etməsi buna əhəmiyyətli nümunədir.

Nəticədə, inkarçılar yaradılışa aid kitabları başqalarına oxutmadıqları kimi özləri də bu kitablardan uzaq dururlar. Çünki Allahʹı və din əxlaqını izah edən əsərləri oxuduqlarında öz fəlsəfələrindən şübhəyə düşməkdən, müdafiə etdikləri fikirlərə olan inamlarını itirməkdən qorxurlar. Buna görə də komunist lider Leninin illər əvvəl “insanın dinə qapılmaması üçün dindən uzaq durması lazımdır” istiqamətində verdiyi öyüdləri, özündən sonra gələn inkarçılar da bir-birilərinə vəsiyyət edərək dəqiqliklə tətbiq etmişlər.

Həyatlarını qurduqları dinsiz fəlsəfələrini itirmək, Allahʹın varlığını və hər şeyi Onun yaratdığı həqiqətini qəbul etmək məcburiyyətində qalmaq bu insanlar üçün adətən qorxu halına gəlmişdir. Buna görə də özlərindən əvvəlki qövmlər kimi, Allahʹa təslim olmaqdan qətiyyətlə qaçıb, Allahʹın lütfü olaraq onlara göndərdiyi haqq kitabdan faydalanmırlar. Lakin bu qaçış onlara itkidən başqa bir şey verməyəcək.