MÜVƏFFƏQİYYƏTİN SİRRİ: ALLAHʹIN ADI İLƏ BAŞLAMAQ

Quranda “…Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur…” (Ənam surəsi, 59) ayəsi ilə yer üzərindəki trilyonlarla yarpaqdan hər birinin Allahʹın izni ilə yerə düşdüyü bildirilərək hər hadisə və hər varlığın Rəbbimizin nəzarəti altında olduğu xəbər verilmişdir. Lakin bu həqiqətin şüurunda olmayan bəzi insanlar Allahʹı anmaqdan uzaqlaşdıqca bir çox problemlə qarşı qarşıya qalırlar:

  • Öz başlarına, tək tənha və köməksiz qalırlar.
  • Doğru düşünmək və doğru qərar vermək bacarıqlarını itirirlər.
  • Etdikləri işlər müvəffəqiyyətsizliyə uğrayır.



Möminlər hər hadisənin Allahʹın izni ilə gerçəkləşdiyini bilir və buna uyğun hərəkət edirlər. Bəzi insanlar isə ancaq başlarına fəlakət gəldiyində ya da çətinliklə qarşılaşdıqlarında düşdükləri vəziyyətdən öz iradələri ilə qurtula bilməyəcəklərini və çarəsizliklərini anlayırlar. Özlərinə aid güc və iradələrinin olmadığının, başlarına gələn çarəsizlik və narahatlıqlardan onları xilas edə biləcək yeganə gücün uca Allah olduğunun şüuruna ancaq çətin anlarda varırlar. İnsanın hiss etdiyi bu narahatlıq və çarəsizlikdən qəti olaraq qurtulması isə ancaq hər işə uca Allahʹın adı ilə başlaması və hər işdə Allahʹın rızasını güdməsi ilə mümkündür. Bu, insanı fərahlığa, dincliyə və sonsuz xoşbəxtliyə qovuşduran mühüm imani sirrdir.

ŞANS VƏ YA TƏSADÜF YOXDUR


İnsanların bir qismi Allahʹa üz tutub yönəlmək əvəzinə, gücləri çatmayacaqlarını bildikləri işlərdə “şans və ya təsadüf” kimi anlayışların köməyi ilə müvəffəqiyyət qazanacaqlarını zənn edirlər. Bunun üçün də “bol şanslar”, “təsadüfən”, “uğurlu rəqəm”, ”uğurlu geyim” kimi yanlış ifadələrdən istifadə edirlər. Allah’ın varlığını, gücünü və qüdrətini görməyən (uca Allahʹı tənzih edirik) bu insanlar, çarəsizliklərini xəyali anlayışlardan və cansız obyektlərdən kömək istəyərək gizlətməyə çalışırlar. Quranda “(Müşriklər) bəlkə, özlərinə bir yardım oluna deyə, Allah’dan başqa tanrılar (bütlər) qəbul etdilər” (Yasin surəsi, 74) ayəsində də bu insanların yanıldıqları açıq aşkar xəbər verilir. Lakin iman etməyənlərin Allahʹdan başqa ilah axtarışları onları çox bəsit və alçaldıcı vəziyyətə sürükləyir. Heç şübhəsiz, Allahʹdan başqa heç bir varlıq insana xeyir vэ ya da fayda verə bilməz. Bu həqiqət Quranda belə xəbər verilmişdir:

"... Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allah’dan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!” (Ənkəbut surəsi, 17)

HƏR ŞEYƏ GÜCÜ ÇATAN YALNIZ ALLAHʹDIR


İnsanın və digər canlıların ehtiyaclarını qarşılaya bilən gücə və mülkə sahib olan yalnız uca Allahʹdır. Buna görə də insan hər işində və ehtiyacında Allahʹın iznini və rızasını istəməli, Onun adıyla hərəkət etməlidir.



Bədiüzzaman Səid Nursi Allahʹın adıyla hərəkət etməyin əhəmiyyətini əsərində belə vurğulamışdır:

"Bismillah hər xeyirin başıdır. Biz də başladıqda onunla başlayarıq. Bil ey nəfsim, bu mübarək kəlmə İslam nişanı olduğu kimi, bütün mövcudatın (varlıqların) dilləri ilə daima oxunmaqdadır. Bəli, bu kəlmə elə mübarək bir xəzinədir ki: Sənin sonsuz acizliyin və möhtaclığın, səni sonsuz qüdrətə, rəhmətə bağlayıb Qadiri Rəhimin dərgahında acizliyi, möhtaclığı ən məqbul bir şəfaətçi edər. Bəli, bu kəlmə ilə hərəkət edən, o adama bənzər ki: Əskərliyə gedər, dövlət adına hərəkət edər, heç kəsdən qorxub çəkinməz. Qanun adına, dövlət adına deyər, hər işi edər, hər şeyə qarşı dirənər. Hər bir bitki və ağac və otların ipək kimi yumuşaq kök və damarları, Bismillah deyər. Sərt daşı və torpağı dələr keçər. Allah adına, Rəhman adına deyər, hər şey ona əsir olar. (Risalei Nur, Sözlər 1-ci söz)

Bədiüzzaman Səid Nursinin dediyi kimi, əgər insan işlərində xeyrə, bərəkətə və müvəffəqiyyətə çatmaq istəyirsə, Allahʹa təslim olub, Onun adıyla hərəkət etməlidir. Çünki başladığı işi bitirməsi üçün lazım olan qüvvət və qüdrəti ona Allah verəcəkdir. Varlıqlara ona köməkçi olmaları üçün əmr verən və onlara boyun əydirən də Allah’dır.

Allahʹın adı ilə işə başlayan hər insan Quranda, “...Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahʹdandır” (Ali-İmran surəsi, 126) ayəsi ilə bildirilən hökmdən hiss etdiyi sonsuz arxayınlıq və müvəffəqiyyət ümidi ilə Allah’ın izni ilə çox xeyirli və uğurlu nəticələrə nail olacaqdır.

ALLAH’IN ADI İLƏ BAŞLANAN HƏR İŞ İBADƏTDİR


Hər işə Allahʹın adı ilə başlamaq insanın bütün işlərini ibadətə çevirir. Çünki edilən işin Allah Qatında məqbul olduğunu işin böyüklüyü kiçikliyi, nə olduğu, necə olduğu deyil, yalnız Allah rızası üçün səmimiyyətlə edilmiş olması müəyyən edir. Allahʹın izni ilə və Onun adı ilə gündəlik ehtiyaclarını qarşılaması insanın hər an özünü Allahʹın yedirdib içirtdiyini xatırlayaraq şükür etməsinə səbəb olur. Bundan başqa bir çox Quran ayəsində Allahʹın adının çox anılması əmr edilmişdir.

Müsəlmanlar Allahʹı çox zikr etməklə məsuldurlar. Hər an Allahʹı anaraq hərəkət etmələri eyni zamanda bu əmri yerinə yetirmələrinə səbəb olur. Bundan başqa hər işində Allahʹı xatırlayan insan:

  • Allahʹa olan yaxınlığını artırmağı ümid edə bilər.
  • Hər hərəkətində Allahʹa üz tutduğu üçün hər an və hər saniyə Allahʹın onunla olduğunu bilir.
  • Allahʹı unutmağın (uca Allahʹı tənzih edirik) verdiyi sıxıntılı mənəvi halı hiss etməz.
  • Gün ərzində etdiyi hər şeyin özü üçün bir çox xeyirə səbəb olacağını ümid edə bilər.


Beləliklə, Allahʹı razı edə bilmək və sevgisini qazana bilmək möminlər üçün hər şeydən əhəmiyyətlidir. Buna görə də ömürləri boyu Allahʹın Quranda “Ey iman gətirənlər! Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın…” (Maidə surəsi, 35) ayəsi ilə buyurduğu kimi, Ona daha da yaxın olmağın yollarını axtararaq hər vəziyyətdə Rəbbimizi zikr edərlər.