DUA ETMƏK

İnsanlar üçün Allahʹı anmağın, Ona yaxın olmağın yollarından biri Allahʹa dua etməkdir. Çünki dua edən insan Allahʹın varlığını və birliyini, Ona qarşı olan acizliyini, ona yeganə kömək edənin Allah olduğunu və Ondan başqa ibadət ediləcək kimsə olmadığını qəbul etmiş deməkdir.

Allahʹı lazımı qədər təqdir edə bilməyən insan, təbii olaraq Allahʹın dualara qarşılıq verən olduğunu də qavraya bilməz. Dua etsə belə Allahʹın duasına qarşılıq verəcəyindən şübhələnər.


Halbuki, mömin dua etdiyi vaxt Allahʹın onu eşitdiyini və istənilən vəziyyətdə duasına qarşılıq verəcəyini bilir, çünki hadisələrin özbaşına və təsadüfi deyil, Allahʹın müəyən etdiyi qədərə (taleyə) görə yaşandığının, Onun istədiyi tərzdə davam etdiyinin fərqindədir. Buna görə də duasına qarşılıq almamaq kimi şübhəsi yoxdur. Səmimi şəkildə dua edənin duasını Allah məqbul bilir və qəbul edir. Allah Quranda belə buyurur:

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

Allah başqa ayədə də "... Darda qalan kimsə yalvardığı zaman ona cavab verən..." (Nəml surəsi, 62) kimi bildirilir ki, bu da yenə səmimi duaların Allahʹın Qatında qarşılığını görəcəyinin ifadəsidir.

Beləliklə, duanı Allahʹın köməyindən şübhəyə düşmədən, qəbul olacağına qəti olaraq iman edərək dilə gətirmək lazımdır. Əks təqdirdə, yəni Allahʹın qəbul edəcəyinə qarşı şübhə ilə yanaşan insan isə lap başından bəri Quran məntiqi ilə tərs düşmüşdür.

Buna görə də dua edən insanın yiyələndiyi ən mühüm iki xüsusiyyət, Allahʹa qarşı səmimiyyət və etibardır. Allah qullarının Özünə yaxın olmasını istəyir. Səmimi olaraq istədiyimiz gözəl şeylərə qarşılıq verir. İnsanı sadəcə su damlasından yaradan, yer üzünü yoxdan var edən Allah üçün hər hansı insanın duasına qarşılıq vermək çox asandır. Edəcəyimiz yeganə iş inamla və səbirlə istəməkdir.

QURANDA DUA NECƏ İZAH EDİLİR?

Son dəfə nə vaxt dua etdiyinizi düşündünüz? Bu suala fərqli cavablar verilə bilər, amma ortaq nöqtə hər kəsin eyni cür dua etdiyi olacaqdır. İnsanlar əlbəttə ki, hər yerdə, hər vəziyyətdə, istədikləri hər şey üçün Rəbbimiz olan Allahʹa dua edə bilərlər. Allah iman edənlərin hər vəziyyətdə dua edə biləcəklərinə, Onu zikr edə biləcəklərinə aşağıdakı ayələrlə diqqət çəkmişdir:

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al! Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!” Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, heç bir kəsin əməyini puç etmərəm...” (Ali İmran surəsi, 191-195)

YÜKSƏK OLMAYAN SƏSLƏ, TƏK BAŞINA QƏLBDƏ EDİLƏN DUA

Çox çarəsiz və sıxıntılı olduğunuz, Allahʹa dua etmək ehtiyacı hiss etdiyiniz anda dua etmək üçün necə bir mühiti seçdiyinizi xatırlayırsınız? Şübhəsiz ki, gecə yastığa başınızı qoyduğunuzda ya da çox səssiz və gurultusuz, Allahʹla tək başına ola biləcəyinizi hiss etdiyiniz mühitdə dua etməyi seçmisiniz.

İbadətlər əsnasında mənəvi dərinlik, ən çox tək olanda, heç kimin bilmədiyi zamanlarda, bütün diqqətin cəm edildiyi anda olur. Ehtiyacları, xətaları və ya əksiklikləri barəsində Allahʹa dua etmək ehtiyacını hiss edən insan, tək başına və ürəyində dua etməyi seçir. Buna gözəl nümunə hz. Zəkəriyyanın duasıdır. Quranda onun Allah’dan nəslini davam etdirən varis istəyərkən gizlincə dua etdiyinə işarə edilir:

Bir zaman (Zəkəriyya) Rəbbinə gizlicə dua edib demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində (heç vaxt) bədbəxt olmamışam. (Məryəm surəsi, 3-4)

Duanı açıqlamaq üçün "gücünün sərhəddi və sonu olan insanının, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini ortaya qoyaraq istəməsidir” demişdik. Buna görə də dua həqiqətən Allahʹa qarşı acizlik hiss edilərək edilməlidir. Lakin əlbəttə ki, bu bəzi süni hərəkətlərlə, qəlibləşmiş və təqlidçi düşüncə ilə təmin edilə bilməz. Onsuzda həqiqi mənada səmimi olan, acizliyini hiss edən insan təbii olaraq bunu yaşayacaqdır. Quranda möminlərə belə dua etmələri tövsiyə edilir:

Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz! (Əraf surəsi, 55)

“Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma. Rəbbinin dərgahında olan (mələklər) Ona ibadət etməkdə təkəbbürlük göstərmir...” (Əraf surəsi, 205-206)

Quranda duanın tək olarkən, yalvararaq və qəlbində edilə biləcəyinə diqqət çəkilir. Beləliklə, duanın harada edildiyi, dua əsnasında qurulan “mərasim”in böyüklüyü, iştirakçıların çox olması və dua edən şəxsin səsinin daha çox çıxmasına ehtiyac yoxdur.

Əvvəla bilinməlidir ki, duadakı yüksək səs tonları duanın Allahʹa çatmasını ya da Allahʹın duaya qarşılıq verməsini asandlaşdırmaz. Rəbbimiz qəlbimizdən keçirdiyimiz düşüncələri bilən, hər şeydən xəbərdar olan və bizə şah damarımızdan daha yaxın olandır (Qaf surəsi, 16). Bizə bu qədər yaxın olan Allah’a dua edərkən səsimizi lüzumsuz yerə yüksəltməyimizin heç bir mənası yoxdur. İnsan qəlbində dua edə biləcəyi kimi, ancaq özünün eşidə biləcəyi bir səslə da dua edə bilər.


Quranda istər ibadət əsnasında, istərsə həyatının hər anında səs tonunun normal səviyyədə tutulmasının lazım olduğu insanlara aşağıdakı ayələrdə belə bildirilir:

Yerişində həddi gözlə, (danışanda) səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir”. (Loğman surəsi, 19)

De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyin. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut. (İsra surəsi, 110)

Gördüyümüz kimi, Quranda təsvir edilən ibadət modeli nümayişdən uzaqdır. Başqaları görsün və ya eşitsin deyə edilməz, yalnız Allahʹa qarşı olan vəzifənin lazımi şəkildə yerinə yetirilməsi məqsədini daşıyır. Quranda buna çox diqqət yetirilir. Dua ilə əlaqədar ayələrdə dəfələrlə “dini Allahʹa məxsus edərək dua etmək”dən bəhs olunur. Bunun mənası, dinin, yəni ibadətin yalnız və yalnız Allah üçün edilməsi, Ondan başqalarının rızasının qətiyyən axtarılmamasıdır:

O, (əbədi) Yaşayandır, Ondan başqa məbud yoxdur. (Allaha), dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! (Ğafir surəsi, 65)

Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid sayıb, Ona dua edin! (Ğafir surəsi, 14)

De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha – dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz”. (Əraf surəsi, 29)

Din yalnız Allahınʹdır. İbadətlərin hamısı yalnız Onun məmnuniyyətini qazanmaq məqsədi ilə edilir. Bunun tək yolu da, Onun istədiyi və təsvir etdiyi kimi etməkdir. Duasını və ya başqa hər hansı bir ibadətini Allahʹa aid olmayaraq edənlər, yəni ətraflarındakı insanlara “təqva”lı görünmək üçün can atanlar böyük dəlalət içindədirlər. Allah Quranda onlardan belə bəhs edər:

Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər, onlar (namazlarında) riyakarlıq edər. (Maun surəsi, 4-6)

ALLAH'IN VARLIĞINI HİSS EDƏRƏK EDİLƏN DUA

Duanın ən mühüm ünsürlərindən biri Allahʹa olan qəti imandır. İnsan çarəsiz qaldığı vəziyyətlərdə Allahʹın varlığını və özünə yalnız Onun kömək edəcəyini şübhəsiz ki, bilir. Lakin insanın rahat vaxtlarında da Allahʹın varlığını və gücünün böyüklüyünü hiss edərək dua etməsi lazımdır. Əslində insan yalnız dua əsnasında deyil, gündəlik həyatının hər anında bunun şüurunda olmalıdır.

Hər an Allahʹın varlığını və yaxınlığını hiss edərək dua etməlidir. Çünki təkcə Allahʹın varlığının fərqində olan insan duanın mənasını və əhəmiyyətini qavrayır. Duanın xüsusiyyəti, Allah’la qul arasında xüsusi rabitə qurulmasıdır. İnsan bütün sıxıntılarını və istəklərini Allahʹa bəyan edər, Ona yalvarar. Allah qulunun istəyinə icabət edər, duasını qarşılıqsız qoymaz.

Əvvəldə də bildirdiyimiz kimi, Quranda dua heç bir qəlibə sıxışdırılmır. "Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin". (Nisa surəsi, 103) ayəsi insanın hər vəziyyətdə və hər şərtdə Allahʹı anıb Ona dua edə biləcəyini göstərir. Mühüm olan üsul deyil, dua edən insanın səmimiyyəti və təslim olmasıdır.

Bu düşüncənin əksi isə duanı həqiqi mənasından çıxarar və sehr ya da tilsim kimi anlaşılmasına yol verər. Bəzi cahil insanların uydurduqları ağaclara parça qırıqları bağlamaq, suya üfləmək kimi batil inanclar buna sübutdur. Diqqət edin, bu cür hərəkətlərin əsas xüsusiyyəti, bunları edən insanların Quran məntiqindən uzaq olmalarıdır. Doğrudan da Allahʹa yönəlib istəklərini Ondan istəməkdənsə, bəzi batil mərasim ya da simvollar icad edir, duanı da bunların vasitəsi ilə edirlər. Kimə dua etdiklərinin, kimə yalvardıqlarının isə fərqində deyillər. Dua üçün istifadə etdikləri cisimlərdə bir növ “kəramət” olduğunu zənn edirlər, amma soruşulsa bunun nə demək olduğunu izah edə bilməzlər. Türbə ziyarətlərini məqsədindən yayındıraraq bu türbələrdə yatan insanlara dua edənlər, onlardan mədət umanlar da eyni batil və azğın inanca malikdirlər.

Mömin isə "Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!" (Müzəmmil surəsi, 8) əmrinə tabe olar, bütün bu batil inamlardan uzaq olaraq yalnız və yalnız Allahʹa dönər, Onun hüzurunda boyun əyər və Rəbbimizə yalvarar.

ALLAHʹIN İSİMLƏRİNİ YAD EDƏRƏK DUA ETMƏK

Allahʹın isimləri bizə Onun vəsflərini tanıdır. Məsələn, Allah Rəhmandır, yəni hifz edəndir; Rəbdir, yəni öyrədən və yol göstərəndir; Hakimdir, yəni hökm verən, hər şeyə hakim olandır; Rəzzaqdır, yəni ruzi verəndir... Bu isimlər Allahı tanıtdığı üçün insan bu adlarla Rəbbimizə səslənərək Onun böyüklüyünü, yaxınlığını, gücünü və rəhmətini daha yaxşı qavrayar. Allahʹdan ruzi istəyən insanın Onun Rəzzaq ismini yad edərək dua etməsi, əlbəttə ki, duasının mənasına uyğun olacaqdır. Quranda da, Allahʹa Onun fərqli isimləri ilə dua edilə biləcəyi xəbər verilir:

"De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyin. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut". (İsra surəsi, 110)

"Ən gözəl adlar Allah’ındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (Əraf surəsi, 180)

Allah’ın isimlərini bilən insan xətalarını Allahdan gizlətməyə çalışmaz. Çünki gizləsə də, aşkar etsə də Allah’ın hər şeyi bildiyinin fərqində olur. Xətalarını gizlətməyinin özünə zərərdən başqa bir şey qazandırmayacağını bilən mömin, hər cür əksiklik və xətalarına görə Allahʹdan bağışlanma diləyər. Hz. İbrahimin bir duası belə başlayır:

"Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz". (İbrahim surəsi, 38)

Möminin istəkləri nə qədər böyük olsa da hər şeyin Allahʹın nəzarətində olduğunun, Allah diləyərsə ən əl çatmaz kimi görünən bir şeyin Onun “Ol” deməsi ilə gerçəkləşəcəyinin fərqindədir. Buna görə də, Allahʹın nemətlərinə nail olmaq üçün heç bir şeyi aşılmaz mane olaraq qəbul etməz. Əksinə, hər cür çətinliyi və maneəni duası ilə dəf edər. Duanın, istək və ehtiyaclarımızı Allahʹa çatdırmaqdan başqa, Allahʹı anmağın və ucaltmağın bir yolu olduğunu söyləmişdik. Quranda xüsusilə peyğəmbər dualarında, Rəbbimiz isimləri ilə birlikdə ucaldılır. Aşağıdakı bir neçə nümunə bunu görməyimiz üçün kifayətdir:

“O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən. (Sad surəsi, 35)

“Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən”. (Ali İmran surəsi, 8)

(Musa) dedi: “Ey Rəbbim! Məni və qardaşımı bağışla, bizi Öz mərhəmətinə qovuşdur. Sən rəhm edənlərin ən rəhmlisisən!” (Əraf surəsi, 151)

“Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”. (Ali İmran surəsi, 38)

DUADA QƏLİBLƏŞMİŞ EYNİ İFADƏLƏRDƏN ÇƏKİNMƏK

Dua deyiləndə insanın ağılına Allahʹı zikr etməsi, Allahʹa qüsurlarını etiraf etməsi, özünün və möminlərin ehtiyaclarını çatdırması gəlir. Bunun üçün isə duada Allahʹa qarşı səmimi olmaq lazımdır.

Duada eyni və qəlibləşmiş ifadələrin tez-tez təkrarlanmasının yeganə səbəbi duanın səmimi ibadətdən uzaqlaşıb, vərdiş ya da adət halına gəlməsidir. Allahʹın əzəmətini hiss edən, Onun əzabından qorxan və rızasını qazanmağı istəyən insan, qəlbindən gələn səmimi və düzgün ifadələrlə Ona üz tutur. Eyni tərzdə özünü Allahʹa təslim etmiş, dost və köməkçi olaraq Onu mənimsəmiş insan, hər cür sıxıntısını və dərdini Ona bəyan edər. "...Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm..." (Yusuf surəsi, 86) deyən hz.Yaqub kimi, ruhundakı bütün sıxıntılarını və tələblərini Ona söyləyər, hər cür kömək və xeyri Ondan istəyər.

Dua edən insan səmimi deyilsə və duanı yalnız yerinə yetirilməsi lazım olan rəsmiyyət ya da qəbul edilib edilməyəcəyi bəlli olmayan tilsim olaraq anlayırsa, təbii olaraq qəlibləşmiş ifadələrdən istifadə edər. Nə demək olduğunu heç anlamadığı ya da o barədə heç düşünmədiyi bəzi bəzəkli cümlələri düzərək öz analayışına görə dua edərlər. Bunun Quranda təsvir edilən dua olmadığı isə çox aydındır.

Halbiki, dua insanın Allah ilə səmimi əlaqəsidir. Hər insanın problemləri, istəkləri, arzuları, mənəvi halı bir-birindən çox fərqlidir. Dua əsnasında əhəmiyyətli olan sözlər deyil, qulun o andakı mənəvi halıdır.

Quranda nümunə olaraq verilən dualar peyğəmbərlər və möminlərin mənəvi vəziyyətlərini əks etdirən çox səmimi və qəlbən Allahʹa üz tutularaq edilən dualardır.

DUANIN YERİ VƏ ZAMANI

Allahʹın Quranda təsvir etdiyi duada insan Allahʹın onu gördüyünü, eşitdiyini qavrayıb, Ona hörmət və qorxu ilə boyun əyib və Onun önündə qul olduğunu açıq-aşkar qəbul edibdir. Qurana baxıldıqda duanın müəyyən zamanı olmadığı görünür. İnsanı dua etməyə yönəldən hər cür istək, bu ibadətin vaxtının gəldiyini göstərir. İnsanın istək və ehtiyacları fasiləsiz olduğu üçün duası da daimi olmalıdır. Yəni duanın müəyyən vaxtı, saatı yoxdur.

Lakin Quranda dua zamanı diqqətin cəmlənməsinin daha da asan şəkildə təmin olunacağı, gündəlik işlərdən kənar saatlara, yəni gecəyə və səhər namazı vaxtına diqqət çəkilir. Bir ayədə möminlər “...sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir.” (Ali İmran surəsi, 17) olaraq təsvir edilir və beləliklə günün bu ən erkən saatının əhəmiyyəti vurğulanır. Başqa ayələrdə isə gecə vaxtının, hərəkətli olan gündüzə nisbətən düşünmə, oxuma və duaya daha əlverişli olduğu belə bildirilir:

“Şübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz demək (Quran oxumaq, dua etmək) daha münasibdir! Çünki gündüz (ya Peyğəmbər!) sənin uzun-uzadı davam edən (dünyəvi) işlərin vardır. Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl.” (Muzəmmil surəsi, 6-8)

Dua üçün müəyyən zaman sərhəddi qoyulmamasına baxmayaraq, Quranın səhər vaxtına və gecəyə diqqət çəkməsinin böyük hikmətləri var. Allah’la yaxın əlaqə quraraq səmimi dua ilə günə başlayan möminin gün ərzində Allahʹın rızasını unutması ya da sərhədlərini qulaq ardına vuması ehtimalı çox azalır. Günə dua ilə başlayan insan, gün ərzində Allahʹın onu izlədiyinin şüuru ilə hərəkət edir.

Quranda nəsihət edilmiş gece duası da gün ərzində dünyəvi işlərlə vaxt keçirən insanın öz-özünə vicdan hesabatı aparmasına səbəb olur. İnsanın gün ərzində başına gələn və zahirən şər kimi görünən hadisələri daha hikmətli, təvəkküllü və şüurlu tərzdə qiymətləndirməsini təmin edər.

İnsanın gecə saatlarında dua üçün vaxt ayırması, gün ərzində edilən xətaların gözdən keçirilməsinə və bu xətalarına görə tövbə edilməsinə, bağışlanma diləməsinə və gündəlik işlərin insan ruhunda yaratdığı mənfi təsirlərin qarşısının alınmasına vasitədir.

Dua üçün müəyyən bir məkan da yoxdur. İnsan bazarda, küçədə, avtomobilin içində, məktəbdə, iş yerində, xülasə hər yerdə dua edə bilər. Müxtəlif məkanlarda olmağın da hər hansı bir əhəmiyyəti yoxdur. Lakin əhəmiyyətli olan insanın harada olmağından asılı olmayaraq, Allahʹın ona şah damarından daha yaxın olduğunu unutmamasıdır. Quranda peyğəmbərlərin hər an və hər yerdə dua etdikləri xəbər verilir. Bir ayədə belə buyurulur:

(Musa) onların yerinə (qoyunlara) su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!” (Qasas surəsi, 24)