ALLAHʹLA FASİLƏSİZ ƏLAQƏ NECƏ QURULUR?


ALLAHʹLA FASİLƏSİZ ƏLAQƏ QURMAQ MÖMİNLƏRƏ NƏ QAZANDIRIR?

Rəbbimiz hər neməti insanların ehtiyaclarını qarşılayacaq tərzdə və ən qüsursuz şəkildə yaratmışdır. Buna görə də insanın dünyaya gəldiyi ilk andan etibarən yiyələndiyi hər nemət çox mühüm və dəyərlidir. Lakin insan həyatı boyu hansı nemətə sahib olursa olsun, heç biri uca Allahʹla quracağı dərin, səmimi və fasiləsiz əlaqədən daha mühüm və dəyərli deyildir. Lakin insanı həqiqi qurtuluşa və səmimiyyətə yönəldən bu nemətə yiyələnmək üçün bəzi əxlaqi xüsusiyyətlərin qazanılması lazımdır.

Bu xüsusiyyətlər hansılardır?

YEGANƏ GÜC SAHİBİ OLAN ALLAHʹI DOST VƏ VƏLİ BİLMƏK



Rəbbimiz qullarının sıxıntı keçirdiyi, çətinliyə düşdüyü, xoşbəxtlik və sevinc hiss etdiyi hadisələri yaradaraq onları imtahan edir. Buna görə də insanın ömrü boyu qarşılaşdığı hər şeyi uca Allahʹın yaratdığını unudaraq, Allahʹdan qeyri varlıqlara meyil etməsi, onlardan kömək istəməsi və onlarla paylaşması insanı heç bir nəticəyə gətirmir, yalnız itkiyə aparır. Çünki canlı cansız hər varlığı Allah yaratmışdır və bu varlıqlar Onun nəzarətindən kənarda əsla hərəkət edə bilmirlər. Qısacası, Allahʹdan başqa hər şey və hər kəs sonsuz aciz və sonsuz möhtac varlıqlardır. Bunların özlərinə aid gücləri, qabiliyyətləri yoxdur, hətta özlərinə belə kömək etməyə gücləri çatmır. Belə olduqda aydındır ki, Allah'dan başqa etibar edilən, kömək umulan varlıq yoxdur. Buna görə də saleh Müsəlmanlar, yalnız Allahdan kömək diləyir, yalnız Ona etibar edirlər. Səbəblərdən, vasitələrdən, insanlardan kömək umurlar. Allah’ın yaratdıqlarını Allah’dan müstəqil güc və iradə sahibi olaraq görmürlər. Çünki Quranda uca Allah qullarına “Biz ona şah damarından da yaxınıq” (Qaf surəsi, 16), “Çünki Allah sirri də, sirrdən daha gizli olanı da (məxfini də) bilir” (Taha surəsi, 7) buyurmuşdur. İnsanın onu yaradan və hər kəsdən gizlədiyi sirrlərini belə bilən uca Allahʹa sığınması isə səmimi bağlılığın mühüm nəticəsi və göstəricisidir.

Allahʹa könüldən bağlı olan möminlər, yalnız uca Allahʹın yaxın olması, yalnız Onun dost və vəli olduğunu bilərək hərəkət edirlər. Bu yüksək əxlaqları da onlara dərin düşünmək və qavramaq bacarığı verir və onların Allahʹla dərin əlaqə qurmalarına səbəb olur.

DUA ETMƏK

“Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?...” (Furqan surəsi, 77) ayəsində bildirildiyi kimi uca Allahʹa səmimi olaraq dua etmək çox əhəmiyyətlidir. Çünki dua uca Rəbbimiz qarşısında çox aciz olan insanın Ona üz tutacağı, xətaları barəsində Ona etiraf edəcəyi və yalnız Ondan kömək istəyəcəyi, Onun varlığını və gücünün böyüklüyünü hiss edəcəyi və gündəlik həyatının hər anında bu şüuru qoruyacağı çox mühüm vasitədir.


Bazarda, küçədə, avtomobilin içində, məktəbdə, iş yerində, xülasə hər məkanda və hər zaman dua edə bilməsi, bunun üçün müəyyən sərhəddin qoyulmaması Allahʹla əlaqənin fasiləsiz davam etməsini təmin edir. Allah’la yaxın əlaqə quraraq səmimi dua ilə günə başlayan möminin gün ərzində Allahʹın rızasını unutması ya da Allahʹın sərhədlərini görməməzlikdən gəlmək ehtimalı Allahʹın izni ilə aradan qalxar. Günə dua ilə başlayan insan, gün ərzində Allah’ın onu izlədiyinin şüuru ilə hərəkət edir. Gecə duası isə gün ərzində dünyəvi işlərlə vaxt keçirən insanın öz-özünə vicdan hesabını aparmasına səbəb olur. İnsanın bütün günü başına gələn və zahirən mənfi kimi göründüyü hadisələri daha hikmətli, təvəkküllü və şüurlu tərzdə qiymətləndirməsini təmin edir. Belə bir təfəkkür gün boyu edilən xətaların gözdən keçirilməsinə və bu xətalardan ötrü tövbə edilməsinə, bağışlanma diləməsinə və gündəlik işlərin insan ruhunda meydana gətirəcəyi mənfiliklərin qarşısının alınmasına səbəb olur.

HƏR İŞDƏ ALLAHʹA ÜZ TUTMAQ

Rəbbimiz, “Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!” (Rum surəsi, 31) ayəsi ilə inananlara həqiqi imanın necə olduğunu bildirmişdir. Yenə başqa ayədəki “...Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm” (Loğman surəsi, 15) sözləri ilə də Allah doğru yolun bu əxlaqa tabe olan insanların yolu olduğunu xatırlatmışdır.

Allahʹa könüldən bağlanmaq, hansı şərtlərdə olursa olsun, Rəbbimizə olan iman, bağlılıq və sədaqətdən imtina etməyəcək qədər çox sevmək və Ona qarşı sevgi dolu qorxu hiss etməkdir. Allahʹa, Onun razı olmayacağı hərəkəti etməkdən qəlbi titrəyərək qorxacaq və qətiyyətlə çəkinəcək qədər böyük hörmət ilə inanmaqdır. Allahʹa bu cür könüldən bağlanan insan ixlası da qazanır. Allahʹa qarşı belə güclü inamı və bağlılığı olan insan həm ibadətlərində, həm də Allahʹın rızasını güdərək etdiyi digər bütün işlərində ixlas və səmimiyyətlə hərəkət edir. Bu səmimiyyətlərinə görə Quranda möminlərin “Sözsüz ki, iman gətirib saleh əməllər edən və Rəbbinə boyun əyənlər Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar” (Hud surəsi, 23) olduqları bildirilmiş və cənnətlə müjdələnmişdilər.

Allah möminlərin Quranda bildirilən əmr və ibadətlərini Allahʹa qarşı könüldən tabe olaraq yerinə yetirmələrini bildirmişdir. “Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!” (Rum surəsi, 31) ayəsi ilə Allah iman edənləri bütün ibadətlərində ixlasa və təslim olmağa çağırmışdır. Başqa ayədə isə Allah Ona könüldən itaət edən, əmirlərini təslimiyyətlə yerinə yetirənlərə əcirlərini iki qat verəcəyini belə müjdələmişdir:

"Sizlərdən hər kim Allaha və Onun Elçisinə itaət edib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq". (Əhzab surəsi, 31)

Möminlərin “(onlar) səbr edən, doğru danışan, müti olan, (malından Allah yolunda) xərcləyən və sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir” (Ali İmran surəsi, 17) ayəsi ilə də bildirilən bu xüsusiyyətləri Rəbbimizin qullarına xəbərdaredici olaraq göndərdiyi elçilərində ən gözəl nümunələrlə təcəlli edir. Quranda elçilərin qəlbdən Allahʹa üz tutan, ixlasa yiyələnmiş qullar olduqları bir çox ayədə bildirilir. Bu ayələrdən bəziləri belədir:

"Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi". (Nəhl surəsi, 120)

"Həqiqətən, İbrahim həlim, (Allaha) çox yalvaran və Ona üz tutan bir şəxs idi". (Hud surəsi, 75)

"Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz onun (paltarının yaxasında olan kəsiyinə) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu". (Təhrim surəsi, 12)

Uca Allah “…O necə də gözəl qul idi! Daima (Allaha) üz tutardı” (Sad surəsi, 30) ayəsi ilə də hz. Süleymanın Özünə olan dərin bağlılığını tərifləyərək bütün qullarına bu nümunəvi əxlaqı xəbər vermişdir.

Hər işdə Rəbbimizə üz tutmağın ən gözəl yolu hər işə bismillah ilə başlamaqdır. Hər zaman Allahʹın adını anaraq işə başlamaq, qəlblərdə təsir oyandırmaq baxımından daha böyük güc meydana gətirir və insanın Allahʹa olan yaxınlığını da artırır. Çünki işə Allahʹın adı ilə başlayan insan hər şeyin Allahʹın nəzarətində baş verəcəyini, Allah istəyərsə etdiyi işdə müvəffəqiyyət qazanacağını bilir. Şübhəsiz belə vəziyyət, qul ilə Allah arasında çox dərin yaxınlığın meydana gəlməsinə səbəb olur. Belə bir insan acizliyini anlayıb, Allahʹın izni olmadan heç bir işi etməyə gücünün çatmayacağını qavrayıb və özünü tamamilə uca Allahʹa təslim etmişdir. Möminlərin bu vəziyyəti Quranda belə xəbər verilir:

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

Bu əxlaqa tabe olan möminlər “Allahʹa dərin hörmət bəsləyərək” iman edər, Allahʹın ucalığını və gücünü qavradığı üçün Ona qarşı dərin sevgi, qəlbdən gələn hörmət və qorxu duyarlar. Rəbbimizə belə dərin hörmət və qorxu ilə bağlanan insanlar Allahʹın rızasını qazanmağı heç bir dünyəvi mənfəətə dəyişməzlər. Çünki ixlas dünyadakı heç bir mənfəətin Rəbbimizin rızasını qazanmaqdan və Onun əmrlərini yerinə yetirməkdən daha mühüm olmadığını bilməkdir. Quranda “…Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar…” (Ali İmran surəsi, 199) ayəsi ilə saleh möminlərin bu xüsusiyyəti xatırladılmışdır.

Möminlər şərtlərdən aslı olmayaraq sahib olduqları bu dərin imana görə Quran əxlaqına tabe olmaqdan heç vaxt imtina etmirlər. Çünki qəlblərində Rəbbimizə qarşı hiss etdikləri hörmət dolu qorxu və dərin bağlılıq, Allah’ın bəyənməyəcəyi davranışı etməsinin qətiyyətlə qarşısını alır. Eyni tərzdə Allah’ın razı olacağını bildirdiyi əxlaqa tam tabe olmaq barəsində də böyük şövq və əzmlə davranmalarını təmin edir. Allah’ın rızasını qazana bilmək üçün daim xeyir işlərdə yarışırlar. Rəbbimizin rızasına, rəhmətinə və cənnətinə qovuşmaq üçün (güclərinin və imkanlarının daxilində) daima cəhd edirlər.

HƏR ZAMAN ŞÜKÜR ETMƏK

Hər cür nemətin yeganə sahibinin Allah olduğunun və hər şeyin yalnız Ondan gəldiyinin şüurunda olaraq bunu qəlblə və dillə ifadə etmək, imanın ən böyük sübutlarındandır. Bundan başqa Allah'la dərin əlaqə qurmaq “yalnız Ona qulluq etməyin” də ən səmimi yollarından biridir.

Möminlər yaradılış dəlillərini araşdıraraq atmosfer vasitəsilə Dünyanın kosmosdan gələn təhlükələrdən qorunduğunu, yerin altında qaynayan vulkan təbəqəsindən nazik yer qabığı qatı ilə qorunduğunu, içilən suyun yaradılmasını, torpağın verdiyi məhsulları, nəqliyyat vasitələrini, gecə ilə gündüzün yaradılmasını, həyatını, sağlamlığını, ağlını, şüurunu, beş hissiyatını, nəfəs aldığı havanı və bunlara bənzər saysız hesabsız neməti onlara hər an fasiləsiz olaraq uca Allah'ın təqdim etdiyini düşünür və bütün bunlar üçün Rəbbimizə şükr edərək yalnız Allah'a üz tutub yönəlirlər. Uca Allah bir ayədə Zatına şükr edilməsinin Ona yaxınlaşmanın mühüm vasitəsi olduğunu belə xəbər verir:

“...Allah'dan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allah'dan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız” (Ənkəbut surəsi, 17)




Bədiüzzaman Səid Nursi neməti verəni düşünməyin nemətdən daha dəyərli olduğunu bildirərək uca Allahʹla dərin və səmimi əlaqə qurmağın əhəmiyyətinə belə diqqət çəkmişdir:

"Bu qiymətli sənət möcüzəsi olan nemətlər Bir və Tək olan və heç bir şeyə ehtiyacı olmayan Allahʹın möcüzəvi qüdrəti və Rəhmətin hədiyyəsi olduğunu düşünmək və dərk etmək” fikridir. Bir padşahın qiymətli hədiyyəsini sənə gətirən miskin adamın ayağını öpüb, hədiyyə sahibini tanımamaq nə qədər düşüncəsizlikdirsə, elə də nemətlərə səbəb olan insanlara tərif və məhəbbət edib, nemətlərin həqiqi sahibi olan Allahʹı unutmaq (Uca Allahʹı tənzih edirik), ondan min qat daha böyük düşüncəsizlikdir.

ALLAHʹLA QURULAN DƏRİN ƏLAQƏ MÖMİNLƏRİ KAMİLLƏŞDİRİR

Uca Allahʹla qurulan səmimi, dərin və fasiləsiz əlaqə möminin imanını, şövqünü, Allaha olan təslimiyyətini, sevgi və hörmətini daha da artırır. İnsanı Allahʹın razı olmayacağı davranışdan çəkindirir, nəfsinin azğınlıqlarını, sərhəd bilməz pisliklərini cilovlayır, daima Allahʹın razı olacağı umulan yöndə hərəkət etməsinə səbəb olur. Bu yaxınlıq Allahʹın rızasına, rəhmətinə və cənnətinə yaxınlaşdıraraq möminə çox böyük mənəvi həzz verir. Mömini Allahʹın sərhədlərini qorumaqda, Allahʹın rızasını axtarmaqda çox yüksək şüura, diribaşlılığa və dəqiqliyə qovuşdurur. Nəticədə möminin Allahʹla qurduğu fasiləsiz əlaqə, onu qiyamət gününün qorxusundan və cəhənnəmdəki əbədi qorxu və dəhşətdən xilas etməyə səbəb olur:

“Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”. (Bəqərə surəsi, 274)