ALLAHʹIN İNSANLARA NEMƏTİ DUA

Allahʹın Quranda təsvir etdiyi duada insan Allahʹın onu gördüyünü, eşitdiyini qavrayıb, Ona hörmət və qorxuyla boyun əyib və Onun önündə qul olduğunu açıq-aşkar qəbul edib.

Duanın müəyyən vaxtı və yeri yoxdur. İnsan küçədə, avtomobildə, məktəbdə, iş yerində, qısacası, hər yerdə dua edə bilər. Mühüm olan insanın Allahʹın ona şah damarından daha yaxın olduğunu unutmamasıdır. Dua insanı Allahʹa yaxınlaşdıran çox qiymətli ibadətdir. Çünki Rəbbimizin verdiyi nemətlərin ardı-arası kəsilməzdir, insanların bu nemətlər qarşısında dua və bağışlanma diləmələrinin də arası kəsilməməlidir.

Quranda gecə və sübh namazı vaxtında duaya diqqət çəkilir. Ayədə “...sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir” (Ali-İmran surəsi, 17) deyə təsvir edilir və beləliklə günün ən erkən saatının əhəmiyyətini vurğulayır. Quranda səhər vaxtına və gecəyə diqqət çəkilməsinin müxtəlif hikmətləri var. Səmimi dua və bağışlanma ilə günə başlayan və hər an Allahʹı xatırlayan insan axşama qədər keçirəcəyi gündə baş verənləri də Quran ayələri ilə qiymətləndirər. Allahʹın onu izlədiyinin şüurunda olaraq hərəkət edər. Allah gecə vaxtının gündüzə nisbətən düşünmə, oxuma və duaya daha əlverişli olduğunu belə bildirir:

“Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir. Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər vardır. Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!” (Muzzəmmil surəsi, 6-8)

Gecə duası gün ərzində dünyəvi məşğuliyyətlərlə vaxt keçirən insanın vicdanının hesabını aparmasını təmin edir. Beləliklə, gecə duası gün ərzində edilən xətaların nəzərdən keçirilməsinə və bu xətalara görə tövbə edilməsinə, bağışlanma dilənməsinə və gündəlik məşğuliyyətlərin insan ruhunda yaratdığı neqativliyin aradan qaldırılmasına səbəb olur. (Harun Yahya, Quranda Dua)

Allah Hər Duanı Qəbul Edir

İnsanlar Allahʹın köməyindən şübhə etmədən, qəbul olacağına qəti iman edərək dua etməlidirlər. Çünki duaları qəbul edən Rəbbimiz Quranda belə bildirmişdir:

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

Duanın qəbul olunmayacağı qorxusu ilə dua etməkdən çəkinmək Quran əxlaqına uyğun hərəkət deyil. Bu, bir çox tərəfdən xətalı, hətta cahillərə xas hərəkətdir. Ancaq bunu demək lazımdır ki, ayələrdə vurğulanan “duanı qəbul etmək” bir şeyin “olduğu kimi həyata keçməsi” mənasına gəlmir. Çünki insan bəzən özü üçün zərərli olan bir şeyi Allahʹdan tələb etmiş ola bilər. “İnsan (özünə) xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir” (İsra surəsi, 11) ayəsi bizə bu vəziyyəti açıqlayır. Duada istənilən şeyin gecikdirilərək verilməsinin və ya tamamilə fərqli təzdə qəbul edilməsinin səbəbi də Allahʹın insanlara olan rəhmətidir. Allah hər kəsin ehtiyacını ən yaxşı bilən, hər şeydən xəbərdar olandır.