ALLAH’I XATIRLAMAQDA TƏNBƏLLİK ETMƏMƏK

Allah’ı unutduqları üçün Allah’ın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin! Onlar fasiqlərdir! (Həşr surəsi, 19)

İnsanın Allah’ı yada salmaqda zəif olması, Ona olan yaxınlığını azaldır. Din əxlaqına tabe olmayan insanlar Allah’ı heç yada salmadıqları, günlərlə ağıllarına belə gətirmədikləri üçün halal-haram demədən günahın hər növünü etməyi, Allah’ın əmrlərinə riayət etməməyi həyat tərzi olaraq seçiblər. Qurandan kənar hər cür davranışın altında yatan səbəb Allah’ı anmaqda tənbəllik etməkdir. Allah’ın hökmlərinə qarşı həssaslığını itirən insan bəzən elə xətalar edir ki, sonradan vəziyyəti düzəldincə, bunları necə etdiyinə özü də çaşıb qalır. Bu cür xətalar Allah’ı unutmamağın əhəmiyyətini xatırladan xəbərdarlıq və işarədir. Qəflətin zamanı və dərəcəsi artdıqca edilən səhvlərin sayı və böyüklüyü də artır. Allah’ı xatırlamaq barəsində qəflətin tez-tez və davamlı olması isə insanın imanı üçün böyük təhlükədir.

Halbuki, Allah’ı hər an ağlında saxlamaq, Onun ayələrini təfəkkür etmək insanın ağlının və şüurunun daima açıq olmasını təmin edir. Belə olduqda da, insan Quranın əmrlərinə və qadağalarına tabe olmaqda çox dəqiq olur. Allah’ı hər zaman zikr edən insan öz acizliyini daha yaxşı dərk edir, heç bir mövzuda özünə aid gücə və iradəyə sahib olmadığının daha yaxşı fərqində olur. Bunun nəticəsi olaraq Allah’a hər zaman dua edər və ehtiyacını dilə gətirər. Yalnız Allah’dan istəyər, hər mövzuda Allah’a müraciət edər, özünü tamamilə Allah’a təslim edər. Heç bir mövzuda özünü müstəqil bilib, qürurlanmaz. Hərəkətləri, davranışları, danışıqları Allah’ın qoruması altında olar. Beləliklə, Allah ona hər an necə, hansı tərzdə davranmalı olduğunu, ən doğru davranışı, ən gözəl sözü ilham edər. Ona, “sizə (düz yolla) getməyiniz üçün nur verər” (Hədid surəsi, 28). Gözəl əxlaqlı edər.

Bir mömin üçün Allah’ı anmaq mühüm ibadətdir. İman edən insan gündəlik həyatın qarışıqlığı içində Allah’ı qısa müddətə olsa belə ağlından çıxartmaz, Allah’la olan mənəvi əlaqəsini bir an qoparmaz. Əks təqdirdə yuxarıda saydığımız sıxıntılarla qarşı-qarşıya qalacağının şüurundadır.

 

HƏR HANSI BİR ŞEYİ UNUTDUĞUNDA ALLAH’I ZİKR ETMƏK

İnsan bir çox əksikliyi və qüsuru olan varlıqdır. Çünki aciz yaradılmışdır. Əksiklikdən və qüsurdan münəzzəh olan isə yalnız Allah’dır. İnsanın Allah qarşısında nə qədər aciz və çarəsiz vəziyyətdə olduğunu anlaya biləcəyi əksikliklərdən biri də unutqanlıqdır.



Unutqanlıq, bunu edənin dünyanın ən zəkalı insanı olsa belə, baş verməsinə qəti mane ola bilmədiyi acizlikdir. İnsanların Allah’a nə qədər möhtac olduğunu başa düşə bilməsi üçün yalnız bu acizliyini düşünməsi kifayətdir. Çünki insan hafizəsi ilə birlikdə məna daşıyır. Harada olduğunu, kim olduğunu, inanclarını, etdiklərini, necə həyat yaşadığını, zövqlərini, vərdişlərini bütün məlumatlar hafizəsində olduğu üçün bilir. Lakin ağzından çıxan cümləsinin sonunu bir anda insana unutduran Allah, tək bir anda keçmişi ilə bağlı hər şeyi də unutdura bilir. İnsanın özündə olması üçün Allah’ın hər an hafizəsində canlı saxladığı məlumatlara möhtacdır. Allah onlardan birini belə əksiltdiyində insanın bu məlumatı geri qaytarmaq üçün edəcəyi heç bir şey yoxdur. Quranda belə bir acizlik vəziyyətində, insanların Allah’a sığınmaları və Allah’dan kömək istəmələri əmr edilir:

... Unutduğun zaman Rəbbini yada salıb:“Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”– de. (Kəhf surəsi, 24)

İnsanın unutduğu şeyi xatırlaya bilməsi və hər hansı bir mövzuda müvəfəqiyyət qazana bilməsi yalnız Allah’ın istəyi ilə mümkündür. Buna görə də insanın bu cür acizlik qarşısında edəcəyi tək şey Allah’ın onu daha yaxın müvəfəqiyyətə çatdırmasını diləməkdir.

ALLAH’A YAXIN OLMAQDA TƏFƏKKÜRÜN ƏHƏMİYYƏTİ

Uca Rəbbimiz Qurandakı bir çox ayədə insanları düşünməyə dəvət edir. Düşünmək, xüsusilə “dərin düşünmək” insanın aləmləri yoxdan yaradan, sonsuz güc sahibi uca Allah’ı təqdir edə bilmə gücünü, qavrayışını, beləliklə Allah qorxusunu və Allah’a olan yaxınlığını artıran ən mühüm vəsitələrdən biridir.

Allah Quranın bir çox ayəsində "...Məgər düşünmürsünüz?!" (Nəhl surəsi, 17), "...başa düşən insanlar üçün dəlillər vardır" (Bəqərə surəsi, 164) ifadələri ilə düşünməyin əhəmiyyətini xəbər vermiş və düşünməyimiz üçün saysız-hesabsız dəlil yaratmışdır. Gördüyümüz, fərqinə vardığımız hər şey Allah’ın təcəllisi və dəlilidir. Buna görə də göylərdə, yerdə və bunların arasında olan hər şey insanın düşünməsi üçün vəsitədir. Bir ayədə belə bildirilir:

(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır! (Nəhl surəsi, 11)

 

Təfəkkür etmək, kainatdakı hər şeyə Allah’ın üstün yaratma sənətinin sübutu olaraq baxmaqdır. Məsələn, pəncərəyə baxmaqla pəncərədən baxmaq eyni deyildir. Pəncərəyə baxanlar bəlkə pəncərənin üzərindəki ləkələri görür ya da pəncərənin çərçivəsi, şüşəsi kimi bir sıra struktur quruluşu haqqında səthi məlumatlara yiyələnirlər. Pəncərənin möhtəşəm bir dünyaya açıldığını düşünüb buradan baxanlar isə bu pəncərənin arxasındakı gözəllikləri seyr edir və bundan sonsuz həzz alırlar. Bu mənada təfəkkür etmək, ətrafımızdakı gözəllikləri görməyimizə lazım olan nemətdir. Təfəkkür sayəsində qarşılaşdığımız görüntülərin hər biri bizə uca Rəbbimizin əzəmətini, sonsuz rəhmətini və üstün yaratma sənətini göstərir.

İnsanlar gün ərzində bir çox mövzu haqqında düşünürlər. Lakin bu düşüncələrin böyük bir hissəsi axirəti üçün fayda verməyən, “boş və lüzumsuz”, heç bir nəticəyə gətirməyən, insana heç bir şey qazandırmayan, gərəksiz düşüncələrdir. Halbuki, mühüm olan insanın həyatının hər anında hadisələrin səbəblərini, hikmətlərini araşdıraraq həqiqi mənada “dərin” düşünməsidir.

“Dərin” düşünməyi bacaran insan, məsələn, bir portağal yeyərkən belə bu meyvə haqqında təfəkkür edər. Portağalın quru torpaqdan bu qədər ləzzətli və sulu meyvə olaraq özü də dilimlənmiş formada çıxdığını, insanın ehtiyacı olduğu vitaminlərdən təşkil olunduğunu və həm də insanların bu vitaminlərə ehtiyacı olduğu qış mövsümündə yetişdiyini düşünər. Bu şəklidə dərin düşünən mömin, ətrafındakı hər incəlikdə olan Allah’ın qüdrətini və sənətini görər, Onu təsbih edər və Allah’a yaxınlaşmağa yol axtarar. Möminlərin bu xüsusiyyətləri Quranda belə xəbər verilir:

"O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı yad edir, göylərin və yerin yaradılması haq-qında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!" (Ali İmran surəsi, 191)

DÜŞÜNMƏK TƏMBƏLLİYİNDƏN QURTULMAQ

Bəzi insanları düşünməkdən, həqiqətləri görməkdən yayındıran bir çox amil var. Buna görə də hər insanın özünə mənfi yöndə təsir edən səbəbləri tapması və bunların təsirindən qurtulması vacibdir. Dərindən düşünməyə mane olan ən mühüm təsirlərdən biri isə düşünmək təmbəlliyidir. Düşünməyə təmbəllik etdikləri üçün insanlar hər şeyi daim gördükləri və vərdiş etdikləri tərzdə edirlər. Məsələn;

  • İnsanın daim vərdiş etdiyi formada hərəkət etməsi,
  • Çətin və əziyyətli belə olsa hər mövzuda yalnız bildiyi üsullardan istifadə etməsi,
  • Yeni fikir irəli sürməməsi və ya fərqli üsulu sınamaması,
  • Əksik olduğunu bildiyi mövzularda şəxsi xüsusiyətlərini yaxşı yöndə dəyişdirməyə ehtiyac hiss etməməsi kimi davranışlar düşünmək təmbəlliyinin ən bariz göstəriciləridir.

Halbuki, insan təfəkkür etməklə inkişaf edir. Həqiqətləri görə bilmək bacarığının artması, ədalət hissinin güclənməsi, hər mövzunu anlamaqda və buna bənzər üstünlüklərin qazanılması da təfəkkür vəsitəsi ilə həyata keçir.

DÜŞÜNMƏKDƏN QORXANLARI GÖZLƏYƏN ÇƏTİN HESAB

İman etməyənlər "Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!” (Fəcr surəsi, 23) ayəsində də bildirildiyi kimi, ancaq cəhənnəmi gördükdən sonra həqiqi mənada düşünməyə başlayırlar.

Bu insanlar o zamana qədər dünyaya göndərilmə məqsədlərini, ətraflarındakı canlıların necə meydana gəldiyini və nə üçün yaradıldıqlarını, gecə və gündüzün var olma səbəblərini, kainatdakı nizamın qüsursuzluğunu, Allah’ın Quranda əmr etdiklərini özlərinə həqiqi mənada fayda verən mövzulardan heç birini o zamana qədər düşünməmişdilər. Bir gün bütün insanlar kimi özlərinin də öləcəyini və Allah’ın hüzurunda hesab verəcəklərini ağıllarına belə gətirməmişdilər.

TƏFƏKKÜR ETMƏYİN AXİRƏTDƏKİ GÖZƏL QARŞILIĞI

 



Peyğəmbərimizin (s.ə.v) “Bir saat təfəkkür, min il nafilə ibadətdən xeyirlidir” hədisində əhəmiyyətini vurğuladığı təfəkkürlə bağlı bir məqama diqqət yetirmişdir: Səmimi olaraq təfəkkür etmək, möminlərə həm dünyada, həm də axirətdə bir çox xeyir və hikmət qazandırır. Çünki iman edən insanlar ətraflarında baş verənlər haqqında daim düşünür; ətraflarındakı varlıqları araşdırır və onlardakı yaradılış dəlillərini görürlər. Bu da insanın üzərindəki qəflət pərdəsinin aralanmasında və səmimi tərzdə Allah’a yönəlməsində çox təsirli olur.

Buna görə də Allah’a daha yaxın olmaq istəyən hər insanın təfəkkür etməsinə mane olan səbəbləri aradan qaldıraraq, səmimi və qəlbən Allah’ın yaratdığı hər hadisə və hər varlıq üzərində düşünməsi, düşündüklərindən özü üçün öyüd və dərs alması lazımdır.

Təfəkkür edərək hər zaman doğrunu görən möminin axirətdəki qazancı Rəbbimizin sevgisi, rızası, rəhməti və cənnəti olacaqdır. Şübhəsiz bu, ən gözəl qazancdır. Rəbbimiz ayələrdə saleh möminləri Onun Qatında gözləyən gözəl qarşılığı belə müjdələmişdir:

İman gətirib xeyirxah işlər görənləri (ağacları) altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir! O kəslər ki, səbrli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər. (Ənkəbut surəsi, 58-59)