ALLAHʹI HAQQI İLƏ TƏQDİR ETMƏK

Quran ayələrində Allahʹın isimlərinin bir hissəsi belə xəbər verilir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında nazil olar. (Talaq surəsi, 12)

Lakin insanların çoxu Allahʹın bu isimlərini bilmir, Rəbbimizi lazımı qədər tanımırlar. Cahil insanların Allahʹa olan inancı düşüncələrində uydurduqları bəzi xurafələrə görədir. Buna görə də Allahʹın sonsuz gücünü və əzəmətini qavraya bilmirlər. Quranda bu insanlar, “Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!” (Həcc surəsi, 74) ayəsi ilə təsvir edilir.


Allahʹın gücünü lazımınca qiymətləndirmək imanın mühüm şərtlərindəndir. Mömin yaşadığı cahil cəmiyyətdəki yanlış Allah inancından ayrılar və cahil cəmiyyətin bütün azğın inanclarını rədd edər. Mömin Allahʹa Quranda təsvir edilən xüsusiyyətləri ilə inanar. Allahʹın yer üzərində, göylərdə və insan nəfsində yaratdığı sübutları, ayələri, iman həqiqətlərini araşdıraraq Allahʹın sənətini, gücünü görərək Rəbbimizi tanıyar, Onun qədrini lazımınca qiymətləndirər.

Lakin Allahʹa iman etdiyini söyləyən insan qəlbini Allahʹın zikrindən və ağlını Onu düşünməkdən kənarda tutarsa, belə vəziyyətdə cahillərin azğın Allah inancına doğru getməyə başlayar. Əgər özünü ələ alıb Allah inancını Qurana görə müəyyən etməzsə, bəzi imtahan vəziyyətlərində cahilliyəyə tərəf getmə təhlükəsi ilə üz-üzə qala bilər. Allah belə vəziyyətə müharibə əsnasında zəiflik göstərən Müsəlmanlardan bəhs edən ayələrə diqqət çəkir. Ayələrdə bildirildiyi kimi, bu insanlar, “…O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?”– deyə Allah barəsində haqsız olaraq, cahiliyyə (dövründəkinə bənzər) düşüncələrə qapıldılar…” (Ali-İmran surəsi, 154)

Mömin belə vəziyyətə düşməmək üçün cahiliyyədəki səhv inancların buraxdığı izləri bütünlüklə qəlbindən silməli və Quranda təsvir edildiyi tərzdə, Allahʹı lazımınca qiymətləndirərək bu həqiqi inancı qəlbinə həkk etməlidir.

GÜCÜNÜN YETDİYİ QƏDƏR ALLAHʹDAN QORXMAQ

İnsan nə qədər Allahʹdan qorxarsa, Onun qatında o qədər üstün olar. Allah qorxusunda sərhəd yoxdur, hər insan bunu Allahʹdan istəyərək artıra bilər. Bu mövzuda Quranda rəsullar nümunə olaraq verilmişdir. Bunun sayəsində möminlər özlərini onlarla müqayisə edib, Allah qorxularını daha da artıra biləcəklərini anlayırlar.

Allah möminlərdən mümkün qədər ən yüksək dərəcədə Ondan qorxmalarını istəyir. Ayələrdə bu mövzuda belə hökm verilir:

Nə qədər bacarırsınızsa Allah’dan qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin və (malınızdan) öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır. (Təğabun surəsi, 16)

Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün! (Ali-İmran surəsi, 102)

QƏDƏRİ İZLƏMƏK

Dünyada və hətta bütün kainatda hər şey bir məqsəd üzrə reallaşır. Quranda bildirildiyinə görə, Allah “… İşləri yoluna qoyur...” (Rəd surəsi, 2). Bir başqa ayədə bildirildiyinə görə isə “...Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur”. (Ənam surəsi, 59)

Baş verən bütün hadisələri yaradan, idarə edən, bu hadisələrin əvvəlinin və sonunun necə olacağını təyin edən Allahʹdır. Kainatdakı bütün ulduzların və dünyanın hər hərəkətini, yer üzərindəki bütün canlıların hər vəziyyətini, insanın necə yaşayacağını, nə danışacağını, nə ilə qarşılaşacağını müəyyən edən Allahʹdır. Allah Kitabında “Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.” (Qamər surəsi, 49) hökmünü verir.

Başqa bir ayədə isə belə buyrulur: “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” (Hədid surəsi, 22)

Mömin bu sirrin şüurunda olaraq yaşamalı, inkarçıların düşdükləri “cəhalət” səviyyəsinə əsla enməməlidir. Əgər həyatın “qədəri izləməkdən ibarət” olduğunu anlayarsa, qarşısına çıxan heç bir hadisə onu kədərləndirməz ya da qorxutmaz. Sığındığı mağaranın qapısına onları öldürmək üçün gələn müşriklərə baxmayaraq, yanındakı dostuna “Qəm yemə, Allah bizimlədir!” (Tövbə surəsi, 40) deyən hz. Muhəmməd (s.ə.v.) kimi hər an əmin və cəsur olar.

TƏVƏKKÜL ETMƏK


Bütün hadisələri yaradan Allahʹdır. Allahʹın yaratdığı hadisələrin hamısında möminlər üçün mütləq xeyir vardır. Bütün hadisələr, mütləq dinin mənfəətlərinə və möminlərin axirətinə faydalı olaraq planlaşdırılmışdır və hər şey bu plana görə baş verir.

Möminin yeganə güvənib arxalanacağı dostu, Allahʹdır. Tək vəkil Odur. Möminin öhdəsinə düşən, hadisələr qarşısında yalnız Allahʹın istədiyi kimi davranmaq, səbəblərə sarılmaq, nəticəsini isə Allahʹdan gözləməkdir. Ayələrdə inkarçıların xəbərdar olmadığı bu böyük sirr belə ifadə edilir: “... Kim Allah’dan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allah’a təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir”. (Talaq surəsi, 2-3)

Başqa bir ayədə də təvəkkülün sirri belə izah olunur:

De: “Allah’ın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allah’a təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

Mömin inkarçılardan gələn təzyiqlərə qarşı belə cavab verməlidir: "(Allah) bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allah’a təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allah təvəkkül etsinlər". (İbrahim surəsi, 12)

Başqa bir ayədə isə belə buyrulur: Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allah’a təvəkkül etsinlər! (Ali-İmran surəsi, 160)

TƏFƏKKÜR ETMƏK

İnkar edənlər yer üzərində yaradılan dəlilləri görmədən yaşayırlar. İman edən insanın bu insanlardan fərqi odur ki, onlar Allah’ın yaratdığı dəlilləri hər an görə bilirlər. Mömin ətrafında Allahʹın qüdrətini və sənətini görür, Onu təsbih edir və Allahʹa yaxınlaşmağa yol tapır. Möminlərin bu vəsfləri Quranda belə izah edilir: O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali-İmran surəsi, 191)

Allah Quranın bir çox yerində “düşünmürsünüz”, “düşünənlər üçün dəlillər vardır” ifadələri ilə təfəkkür etməyin əhəmiyyətini vurğulayır. Bundan başqa Allah düşünmək üçün saysız hesabsız dəlil yaratmışdır. Gördüyümüz, fərqinə vardığımız hər şey Allahʹın təcəllisi və sübutudur. Buna görə də, göylərdə, yerdə və bunların aralarında olan hər şey təfəkkür vasitəsidir. Bir ayədə belə buyrulur: (Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 11)

Ayədə “təfəkkür mövzusu” olaraq göstərilənlərdən biri olan xurma ağacı üzərində bir az düşünək. Ağac torpağa səpilən toxumdan əmələ gəlir. Toxum kiçik (bir kub santimetr belə olmayan) cisimdir, amma möcüzəli şəklidə qısa müddət keçdikdən sonra toxumun içindən 4-5 metr uzunluğunda və yüzlərlə kilo ağırlığında nəhəng taxta kütləsi əmələ gəlir. Toxum bu nəhəng taxta parçasını əmələ gətirərkən istifadə etdiyi yeganə material isə torpaqdır.

Bəs yaxşı toxum ağac bitirməyi necə bilir? Necə olur ki, ətrafındakı torpağın içində lazımlı materialları ayırıb bunları taxta toxuması əmələ gətirmək üçün istifadə etməyi “ağlına gətirə bilir”? Bitirdiyi ağacın hansı formaya və quruluşa yiyələnməli olduğunu necə təxmin edə bilir? Bu son sual xüsusilə əhəmiyyətlidir. Çünki toxumdan hər hansı taxta parçası çıxmır. Toxum içində damarlar olan torpaqdakı maddələri mənimsəmək üçün lazımlı köklərə sahibdir və üst hissəsi də budaqlara ayrılan çox yaxşı dizayn edilmiş canlı maddə əmələ gətirir. İnsan gözəl ağac rəsmi çəkmək istədiyində belə çətinlik çəkir, çünki ağacın köklərindəki və budaqlarındakı təfərrüatları çəkmək çətin işdir. Halbuki, toxum çəkməkdən əlavə, bu çox mükəmməl olan cismi torpaqdakı materiallardan istifadə edərək kökündən əmələ gətirir.


Belə vəziyyətdə toxumun çox ağıllı varlıq olduğu nəticəsinə gəlirik. Daha doğrusu, toxumun içində çox güclü ağıl var. Bu ağıl toxuma haradan, necə verilmişdir? Necə olur ki, çəyirdək belə ağıla və hafizəyə yiyələnə bilir?

Şübhəsiz, bunun bir cavabı var: Allah toxumu ağac əmələ gətirə biləcək bacarıqla yaratmış, bu əməliyyat üçün lazımlı məlumatlara sahib olacaq tərzdə proqramlaşdırmışdır. Torpağa atılan hər toxum Allah’ın elmi ilə əhatə olunmuşdur və Onun elmi ilə böyüyür. Bir ayədə bu həqiqət belə xəbər verilir:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

Toxumu yaradan da, torpağın içinə düşdükdə onu yarıb içindən yeni bitkini çıxaran da Allah’dır. Bu həqiqət “Ənam” surəsində belə xəbər verilir:

Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də (haqdan) döndərilirsiniz! (Ənam surəsi, 95)

Toxum Allah’ın kainatda yaratdığı sonsuz saydakı “təfəkkür dəlilləri”ndən, yəni “iman həqiqəti”ndən yalnız biridir. İnsan ağlını əhatə edən qalın qəflət pərdəsini sıyıraraq, “necə”, “nə üçün” kimi suallar soruşaraq düşünərsə, bütün kainatın Allahʹın varlığının və gücünün dəlilləri ilə dolu olduğunu çox asanlıqla görə bilər.