ALLAHʹI DAİM XATIRLAMAQ

İman edən insanlar bütün varlığını Allahʹa həsr etmişdir. Allah üçün yaşayar və daim Allah ilə bərabər olduğunun şüurundadırlar. Allahʹa, Onun rızasına və cənnətinə qovuşmaq üçün daima axirətə ümid edirlər. Dünyada isə Allah üçün səbir edir, Ona təvəkkül edir, hər işi təşkil edib nəzarəti altında tutanın, özünü də hər an görüb bilənin uca Rəbbimiz olduğunu bilirlər. Etdiyi hər işdə, gördüyü hər görüntüdə Allahʹın sonsuz ağlını, heyranlıq oyandıran sənətini və Onun uca qüdrətini görüb təfəkkür edən insanlar üçün bütün bunları dilə gətirmək nemət və böyük ibadətdir. Allahʹı anma insanı bütün xoşagəlməzliklərdən qoruyan, insanın qəlbinə dinclik və etibar verən, axirətdə qurtuluşa çatmasına səbəb olan ən mühüm yollardan biridir. Allah Quranda belə buyurur.

"... Allahʹı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir ..." (Ənkəbut surəsi, 45)



İman edənlər gündəlik həyatlarının hər anında Allahʹı xatırlamalı və dua etməlidirlər. Özlərinə verilən nemətlərə qarşı daim qəlblərində şükr etməli, bilərəkdən və ya bilməyərəkdən etdikləri xətalarına görə bağışlanma diləməli və tez-tez Allahʹın adını ucaltmalıdırlar. Mömini “Allahla dost” edən, onun Allahʹa yaxınlaşmasını təmin edən ibadətlərdən biri Allahʹı xatırlamaqdır. İnsan yaşadığı hər an, etdiyi hər işdə Allahʹın nemətini və rəhmətini xatırladıqca, Onun adını ucaldıb Ona yönəldikcə, daimi olaraq ibadət etmiş olur. Allahʹa daha da yaxınlaşır. Hadisələr qarşısında qəflətə düşmür, hirslənmir. Allahʹın razı olmayacağı hər şeydən uzaq durur. Allah bir ayədə belə buyurur:

Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma. (Əraf surəsi, 205)

İbadətlər və gündəlik işlər Allahʹın rızasını qazanmaq məqsədi ilə edilərsə, “saleh əməl”dir. Allah anılaraq və Allahʹın rızası düşünülərək edilməzsə, qarşılıqsız əməl ola bilər. Buna görə də Quranda peyğəmbərlərin xüsusiyyətləri təsvir edilərkən, Allahʹı daima yada saldıqları bildirilir. Bu ayələrdən biri belədir:

"Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima (Allahʹa) üz tutardı". (Sad surəsi, 30)

Möminin gördüyü işin hikməti, onu Allahʹın rızası üçün etməsinə görədir. Buna görə də mömin daimi olaraq Allah’la bərabərdir. Quranda ona öyüd verilən əxlaqı hər zaman çox böyük dəqiqliklə qorumağa çalışır. İman edənlərin bu xüsusiyyəti bir ayədə belə bildirilir:

O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahʹı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən (qiyamət günüdən) qorxarlar. (Nur surəsi, 37)

Quranın hikmətini hər zaman xatırlamaq, Allahʹın ayələrini yadında saxlamaq və hər şeyi Allahʹın yaratdığını daim düşünmək, möminə həm dünyada, həm də axirətdə ən böyük nemətləri qazandıracaqdır. Bunu qəlbdən və səmimiyyətlə edənlər və ancaq bununla rahatlıq tapanlar Allahʹa təslim olmuş möminlərdir.